"Artıq bələdiyyələrdən gözlənti yalnız mövcud olmaq deyil, peşəkar və şəffaf fəaliyyət göstərməkdir. Müasir mərhələdə bələdiyyələrin fəaliyyəti daha çox nəticəyönümlülük, hesabatlılıq və yerli ehtiyaclara çevik cavab vermək meyarları ilə qiymətləndirilir".
1xeber.media xəbər verir ki, bunu Milli Məclisdə keçirilən konfransda çıxışı zamanı Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəisi Elmin Həsənov deyib. O bildirib ki, bu prosesdə Ədliyyə Nazirliyinin üzərinə mühüm vəzifələr qoyulub:
"Nazirlik tərəfindən mütəmadi olaraq yerli özünüidarəetmə sahəsində qanunçuluğun təmini məqsədilə bələdiyyə fəaliyyətində rast gəlinən qanun pozuntuları, o cümlədən onları yaradan səbəb və şəraitin müəyyən edilməsi istiqamətində təhlillər edilir, ümumiləşdirmələr aparılır və nəticələrinə uyğun olaraq bələdiyyələrlə metodoloji iş təşkil olunur, o cümlədən qanunvericiliyin təkmilləşdirilməsi üçün müvafiq qanun layihələri hazırlanır. Burada əsas məqsəd bələdiyyələrin hüquqi cəhətdən düzgün fəaliyyət göstərməsinə yardım etmək, yerli idarəetmədə qanunçuluğu, şəffaflığı və peşəkarlığı möhkəmləndirməkdir. Ötən il bələdiyyələrin birləşməsi və bələdiyyə seçkilərinin keçirilməsi ilə yerli özünüidarəetmə sahəsində inkişafın yeni mərhələsinə start verilib. Bu islahatların davamı olaraq cari ildə də onların daha dayanıqlı, səmərəli və geniş imkanlara malik model əsasında formalaşdırılmasına yönələn tədbirlər görülməkdədir".
İdarə rəisi qeyd edib ki, Dövlət Statistika Komitəsinin 2025-ci il üzrə bələdiyyə büdcələrinin icrası barədə məlumatına əsasən, görülmüş ardıcıl tədbirlərin nəticəsində ölkə üzrə bələdiyyələrin büdcə gəlirləri əvvəlki illə müqayisədə təxminən 3.3 milyon manata (5.2%) yaxın artaraq 65.6 milyon manatı keçib:
"Bakı bələdiyyələri üzrə gəlirlər əvvəlki illə müqayisədə 16.4% artaraq 23 milyon manatı ötüb. Bundan başqa, bələdiyyələrin fəaliyyətində rəqəmsal imkanların genişləndirilməsi istiqamətində də addımlar atılıb. Bildiyiniz kimi inzibati nəzarət qaydasında baxılması üçün ölkə bələdiyyələri üzrə aktlar qanunvericiliyin tələbinə uyğun olaraq “Bələdiyyələrlə iş” informasiya sistemi vasitəsilə elektron qaydada təqdim edilir, sistemin funksionallığının artırılması üzrə işlər davam etdirilir. Elektron mühitdə sənəd dövriyyəsinin imkanlarının artırılması, bələdiyyə aktlarının təqdim olunması, hesabatlılıq mexanizmlərinin sadələşdirilməsi və şəffaflığın gücləndirilməsi yerli özünüidarəetmənin müasir tələblərə uyğun qurulması baxımından mühüm əhəmiyyət daşıyır. Həmçinin bələdiyyələrin vahid informasiya sisteminin yaradılması və bələdiyyələrin vahid informasiya sisteminin qanunvericiliklə dövlət informasiya sistemi kimi müəyyənləşdirilməsi yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin səmərəli təşkili və bələdiyyə idarəçiliyinin rəqəmsallaşdırılması baxımından çox mühüm addım olub".
E.Həsənov vurğulayıb ki, bələdiyyələr ilk növbədə öz ərazilərinə məsuliyyət hissi ilə yanaşmalıdırlar: "Yerli özünüidarəetmə orqanı olaraq onlar əraziyə sadəcə idarə olunan resurs kimi deyil, formalaşdırılan və qorunan yaşayış məkanı kimi baxmalıdırlar. Bu yanaşma olduqca vacibdir. Çünki düzgün planlaşdırılmayan ərazi gələcəkdə həm hüquqi, həm sosial, həm də infrastruktur problemləri yaradır. Bu baxımdan, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində bələdiyyələr tərəfindən abadlıq və yaşayış mühitinin yaxşılaşdırılması məsələlərinə xüsusi diqqət yetirilməlidir. Buraya küçələrin, məhəllələrin, ictimai istifadə yerlərinin vəziyyəti, yaşıllaşdırma işləri, ümumi görünüşün yaxşılaşdırılması, yerli əhəmiyyətli infrastrukturun dəstəklənməsi kimi məsələlər daxildir. Bələdiyyələrin fəaliyyəti insanların gündəlik həyatında hiss olunmalıdır. Şəffaflıq gücləndirilməlidir. Xüsusilə qərarların qəbulu, maliyyə və əmlak məsələləri üzrə açıq və aydın idarəetmə təmin edilməlidir. Bu, həm hüquqi risklərin azalmasına, həm də vətəndaş etimadının artmasına xidmət edir. Bələdiyyələr şəhərsalma ilə bağlı məsələlərdə aidiyyəti dövlət qurumları ilə uzlaşmış və hüquq çərçivəsində işləməlidirlər. Burada planlı fəaliyyət, qanunvericiliyə uyğunluq və ümumi inkişaf məqsədlərinə uyğun qərarvermə əsas olmalıdır. Əslində “Şəhərsalma və Memarlıq İli” bələdiyyələr üçün böyük imkanlar ili kimi də dəyərləndirilə bilər. Bu il bələdiyyələrə bir daha xatırladır ki, onların fəaliyyəti yalnız iclas keçirmək və qərar qəbul etməklə bitmir. Onlar ərazinin inkişafına, yaşayış mühitinin keyfiyyətinə, ictimai münasibətlərin sağlam qurulmasına və yerli əhalinin etimadının formalaşmasına birbaşa təsir göstərirlər. Bu baxımdan bələdiyyələr qarşısında duran əsas vəzifə öz fəaliyyətlərinə daha geniş baxmaqdır. Onlar yalnız səlahiyyət sahibi deyil, həm də məsuliyyət daşıyan yerli idarəetmə institutlarıdır. Hər bir düzgün addım yerli inkişafı gücləndirir, hər bir zəif yanaşma isə etimadı azaldır".

















