Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov tərəfindən qələmə alınmış bu yazı erməni siyasi dairələrinin uzunmüddətli strategiyasını açmağa çalışan mühüm analitik baxışdır. Müəllif konkret bir bəyanat üzərindən daha geniş geosiyasi xətti təhlil edir və Ermənistanın hazırkı mərhələdə hansı taktiki və strateji addımlara üstünlük verdiyini izah edir. 1xeber.media həmin yazını təqdim edir:
Nyu-York şəhərinin meri vəzifəsini müvəqqəti icra edən siyasi klounun erməni-azərbaycan münaqişəsi ilə bağlı səsləndirdiyi bəyanat ilk baxışda epizodik hadisə kimi görünə bilər. Lakin əslində bu çıxış daha dərin və sistemli bir siyasətin – Ermənistanın uzunmüddətli strategiyasının açıq göstəricisinə çevrilib.
Bu cür açıqlamalar təsadüfi deyil və konkret siyasi xəttin tərkib hissəsi kimi qiymətləndirilməlidir. Ermənistanın ideoloji mərkəzləri və millətçi dairələri uzun illərdir ki, dəyişən geosiyasi reallıqlara uyğunlaşaraq yeni taktiki yanaşmalar formalaşdırırlar. Hazırkı mərhələdə onların qarşıya qoyduğu əsas məqsəd isə Azərbaycanın hüquqi müstəvidə Ermənistanın ərazi bütövlüyünü Ermənistan SSR sərhədləri daxilində tanımasına nail olmaqdır.
Bu strategiyanın kökündə reallığın düzgün qiymətləndirilməsi dayanır. Ermənistan tərəfi anlayır ki, həm şərti sərhəddə, həm də ümumilikdə regionda mövcud güc balansı Azərbaycan torpaqlarının fiziki ilhaqına imkan vermir. Yəni hərbi və ya birbaşa territorial ekspansiya yolu artıq bağlanıb. Məhz bu səbəbdən taktika dəyişdirilərək siyasi və hüquqi müstəviyə keçirilib.
Yeni yanaşmaya əsasən, Ermənistan öz ərazi iddialarını açıq şəkildə irəli sürmək əvəzinə, onları “insan hüquqlarının pozulması”, “humanitar problemlər”, “etnik təhlükəsizlik” kimi anlayışlar altında təqdim etməyə çalışır. Bununla da məqsəd bu iddiaları beynəlxalq müstəvidə legitimləşdirmək və uzunmüddətli perspektivdə “dondurulmuş” vəziyyətdə saxlamaqdır.
Başqa sözlə, bu, klassik ərazi iddiasının formasını dəyişərək daha yumşaq, lakin daha davamlı və təhlükəli siyasi mexanizmə çevrilməsidir. Bu mexanizm vasitəsilə Ermənistan tərəfi həm beynəlxalq dəstəyi qorumağa, həm də gələcək üçün hüquqi əsaslar formalaşdırmağa çalışır.
Bu kontekstdə Ermənistan hakimiyyətinin davranışı xüsusi diqqət tələb edir. Paşinyan administrasiyasının baş verən proseslərdən nümayişkaranə şəkildə uzaq durması, radikal bəyanatlardan çəkinməsi və daha “konstruktiv” görüntü yaratmağa çalışması əslində strateji manevrdir. Bu, prinsipial mövqe dəyişikliyi deyil, sadəcə taktiki fasilədir.
Bu məsafəli mövqe yalnız müəyyən mərhələyə qədər davam edəcək. Konkret olaraq, Sülh sazişi və ya sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı razılaşma imzalanana qədər bu taktika saxlanılacaq. Bundan sonra isə eyni iddiaların yenidən aktivləşdirilməsi ehtimalı kifayət qədər yüksəkdir.
Digər mühüm istiqamət isə ideoloji və informasiya müstəvisində aparılan fəaliyyətdir. “1915-ci il soyqırımı” və “Qarabağ ermənilərinin soyqırımı” kimi tezislər Ermənistanın siyasi gündəmindən çıxarılmır. Əksinə, bu mövzular davamlı şəkildə qorunur və müxtəlif platformalarda dövri olaraq aktuallaşdırılır.
Burada əsas mexanizm isə hakimiyyətlə müxalifət arasında formalaşdırılmış qeyri-rəsmi əmək bölgüsüdür. Rəsmi İrəvan müəyyən mərhələdə daha ehtiyatlı və diplomatik mövqe nümayiş etdirdiyi halda, müxalifət – həm Ermənistan daxilində, həm də diaspor strukturları vasitəsilə xaricdə – daha radikal ritorika ilə çıxış edir. Bu fəaliyyət isə əksər hallarda hakimiyyət tərəfindən gizli şəkildə dəstəklənir və koordinasiya olunur.
Beləliklə, Ermənistan paralel olaraq iki xətt üzrə fəaliyyət göstərir: bir tərəfdən rəsmi diplomatiya vasitəsilə “konstruktiv tərəfdaş” imici formalaşdırmağa çalışır, digər tərəfdən isə qeyri-rəsmi kanallar vasitəsilə maksimalist iddiaları gündəmdə saxlayır.
Bu strategiyanın məntiqi nəticəsi ondan ibarətdir ki, Qərbi Azərbaycan və Zəngəzur məsələsində ədalətli həll uğrunda mübarizəyə yönəlmiş siyasət aktuallığını qoruyacaq və davam etdiriləcək. Çünki qarşı tərəfin iddiaları formal olaraq “dondurulsa” belə, mahiyyət etibarilə aradan qalxmır və müxtəlif formalarda yenidən gündəmə gətirilir.
Məhz bu baxımdan, son hadisələr və konkret şəxslərin səsləndirdiyi bəyanatlar xüsusi əhəmiyyət kəsb edir. Mamdani-nin çıxışı da bu kontekstdə qiymətləndirilməlidir. O, erməni millətçilərinin gerçək niyyətlərini və uzunmüddətli planlarını üzə çıxaran bir növ indikator – lakmus kağızı rolunu oynadı.
Bu cür açıqlamalar pərdəarxasında formalaşdırılan strategiyanın açıq səviyyəyə çıxması deməkdir və bu, proseslərin mahiyyətini daha aydın görməyə imkan yaradır.
Tofiq Zülfüqarov,
Azərbaycanın sabiq xarici işlər naziri

















