Şuşada keçirilən IV Qlobal Media Forumunun ikinci günü də zəngin müzakirələr və beynəlxalq əhəmiyyətli çıxışlarla yadda qaldı. “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusuna həsr olunan forumun ikinci günündə qlobal informasiya təhlükəsizliyi, dezinformasiyaya qarşı mübarizə və münaqişədən sonrakı dövrdə medianın rolu əsas müzakirə mövzularından biri oldu.
Müxtəlif ölkələrdən gələn media rəhbərləri, ekspertlər və beynəlxalq təşkilatların nümayəndələri müasir dövrdə informasiya müharibələrinin yaratdığı təhlükələrdən danışaraq, jurnalistikanın cəmiyyətlər arasında etimadın formalaşmasında mühüm rol oynadığını vurğuladılar.
Forum çərçivəsində keçirilən panel sessiyalarında rəqəmsal platformalarda saxta xəbərlərin sürətlə yayılması, süni intellektin media sahəsinə təsiri, etik jurnalistika prinsiplərinin qorunması və peşəkar medianın məsuliyyəti geniş şəkildə müzakirə edildi.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev çıxışı zamanı informasiya təhlükəsizliyinin artıq milli təhlükəsizliyin ayrılmaz hissəsinə çevrildiyini diqqətə çatdırdı. O qeyd edib ki, müasir dövrdə dövlətlər təkcə hərbi deyil, informasiya məkanında da ciddi çağırışlarla üz-üzədirlər.
Hikmət Hacıyev vurğulayıb ki, Azərbaycan uzun illər ərzində dezinformasiya kampaniyalarının hədəfi olub. Xüsusilə işğal dövründə və 44 günlük Vətən müharibəsi zamanı həqiqətlərin təhrif edilməsinə yönəlmiş müxtəlif informasiya manipulyasiyaları aparılıb.
Onun sözlərinə görə, bu gün əsas vəzifələrdən biri faktlara söykənən jurnalistikanın inkişaf etdirilməsi və həqiqətin beynəlxalq ictimaiyyətə düzgün çatdırılmasıdır. O bildirdi ki, saxta məlumatların qarşısının alınması üçün media nümayəndələrinin peşəkarlığı və beynəlxalq əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır.
Prezidentin köməkçisi postmünaqişə dövründə Azərbaycanın həyata keçirdiyi genişmiqyaslı bərpa və yenidənqurma layihələrinin beynəlxalq mediada obyektiv şəkildə işıqlandırılmasının vacibliyini də qeyd etdi. Onun fikrincə, Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri regionda sülhün və sabitliyin möhkəmləndirilməsinə xidmət edir.
Hikmət Hacıyev çıxışında media nümayəndələrinin bölgəyə səfərlərinin əhəmiyyətindən də danışaraq bildirdi ki, hadisələri yerində müşahidə etmək həqiqətlərin dünyaya çatdırılması baxımından mühüm rol oynayır. O qeyd etdi ki, faktlara əsaslanan məlumatlar dezinformasiyaya qarşı ən təsirli vasitədir.
Forum iştirakçıları da çıxışlarında informasiya müharibələrinin artıq beynəlxalq münasibətlərin ayrılmaz hissəsinə çevrildiyini bildirərək, medianın məsuliyyətinin daha da artdığını qeyd etdilər. Bildirildi ki, etibarlı informasiya mənbələrinin gücləndirilməsi qlobal informasiya təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır.
İkinci günün müzakirələrində süni intellekt texnologiyalarının media sektoruna gətirdiyi yeniliklər və risklər də geniş təhlil edildi. Yeni texnologiyalar informasiya istehsalını sürətləndirsə də, saxta məzmunun yayılması riskini də artırır. Panel iştirakçıları jurnalistikanın əsas prinsipləri olan obyektivlik, dəqiqlik və qərəzsizlik meyarlarının qorunmasının hər zamankından daha vacib olduğunu vurğuladılar. Qeyd olundu ki, ictimai etimad yalnız peşəkar və məsuliyyətli media fəaliyyəti ilə bərpa oluna bilər. Forum bir daha göstərdi ki, qlobal çağırışlar fonunda media nümayəndələri arasında dialoq və əməkdaşlığın genişləndirilməsi böyük əhəmiyyət daşıyır.
Şuşa Qlobal Media Forumu müxtəlif ölkələrin media təmsilçilərini bir araya gətirərək aktual problemlərin müzakirəsi üçün mühüm platforma rolunu davam etdirir. İkinci günün iştirakçılar informasiya təhlükəsizliyinin gücləndirilməsi, dezinformasiyaya qarşı birgə mübarizə və həqiqətə əsaslanan jurnalistikanın təşviqi istiqamətində beynəlxalq əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğuladılar. Forumun müzakirələri bir daha təsdiqlədi ki, sülhün möhkəmləndirilməsində medianın rolu təkcə məlumat verməklə məhdudlaşmır, həm də etimadın qurulmasına və həqiqətin qorunmasına xidmət edir.
Aysel
1xeber.media

























