Bəzən aliment ödəyən valideynlər qarşı tərəfin ödənilən vəsaiti uşağın ehtiyaclarına deyil, şəxsi məqsədlərinə sərf etdiyini iddia edirlər. Belə hallarda alimentin təyinatı üzrə istifadə olunmasını təmin etmək mümkündürmü? Qanun bununla bağlı hansı mexanizmləri nəzərdə tutur?
Mövzu ilə bağlı konkret.az-a danışan hüquqşünas Tağı Hüseynov bildirib ki, qanunvericilik aliment vəsaitinin qorunması ilə bağlı xüsusi mexanizm müəyyən edib.
Onun sözlərinə görə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsinə əsasən, aliment ödəyən valideyn məhkəməyə müraciət edərək alimentin bir hissəsinin birbaşa uşağın adına açılmış bank hesabına köçürülməsini tələb edə bilər.
“Həmin maddəyə əsasən, məhkəmə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən artıq olmayan hissəsinin uşağın 18 yaşına çatana qədər adına açılmış bank hesabında toplanması barədə qərar qəbul edə bilər. Bu hesabda yığılan vəsaitdən istifadə isə yalnız məhkəmənin müəyyən etdiyi qaydada mümkündür”.
Tağı Hüseynov vurğulayıb ki, bu mexanizm aliment vəsaitinin uşağın mənafeyi naminə qorunmasına və gələcək ehtiyaclarının təmin olunmasına xidmət edir. Onun sözlərinə görə, aliment alan şəxsin vəsaiti uşağın maraqlarına uyğun istifadə etmədiyi barədə əsaslı şübhələr yarandıqda, aliment ödəyən valideyn məhkəmə qaydasında öz hüquqlarını qoruya bilər.

















