“Şuşada keçirilən IV Qlobal Media Forumu "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusuna həsr olunub. Forum əvvəlki illərdə müzakirə olunan rəqəmsal transformasiya, süni intellektin media sektoruna təsiri və dezinformasiyaya qarşı beynəlxalq əməkdaşlıq kimi istiqamətlərin məntiqi davamı hesab oluna bilər. Bununla yanaşı, builki tədbir əvvəlki mövzulardan fərqli olaraq, diqqəti texnoloji məsələlərdən daha geniş məzmun daşıyan sülhün təşviqi, həqiqətin qorunması və cəmiyyətlər arasında etimadın bərpasına yönəldir”.
Bunu Milli Məclisin deputatı Naqif Həmzəyev 1xeber.media-ya açıqlamasında deyib.
O bildirib ki, forumun miqyası da onun beynəlxalq əhəmiyyətini göstərir:
“Tədbirdə 54 ölkədən 160-a yaxın media nümayəndəsi, ekspert və rəsmi şəxs, 30-a yaxın beynəlxalq informasiya agentliyi, 60-dan çox aparıcı media qurumu, eləcə də 10-a yaxın beynəlxalq təşkilat və şirkətin nümayəndələri iştirak edir. Belə geniş təmsilçilik Azərbaycanın regionda media dialoqu və beynəlxalq informasiya əməkdaşlığı üçün mühüm platforma yaratmaq niyyətini nümayiş etdirir. Forumun inkişaf dinamikasına nəzər saldıqda da diqqətçəkən bir mərhələlilik müşahidə olunur. Belə ki, 2023-cü ildə "4-cü Sənaye İnqilabı dövründə Yeni Media", 2024-cü ildə "Dezinformasiyaya qarşı mübarizə", 2025-ci ildə isə "Süni İntellekt Dövründə İnformasiya və Media Dayanıqlılığı" mövzuları müzakirə olunmuşdu. Builki mövzu isə texnoloji çağırışlardan daha çox media vasitəsilə sülhün təşviqi, etimadın möhkəmləndirilməsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi kimi məsələləri ön plana çıxarır”.
O qeyd edib ki, bu baxımdan forumun yalnız fikir mübadiləsi platforması kimi deyil, həm də gələcək əməkdaşlıq təşəbbüslərinin formalaşacağı məkan kimi çıxış edəcəyi gözlənilir:
“Beynəlxalq faktyoxlama koalisiyalarının yaradılması, jurnalist mübadilə proqramlarının genişləndirilməsi və postmünaqişə bölgələrində media savadlılığının artırılmasına yönəlmiş təşəbbüslərin müzakirə olunması bu istiqamətdə mümkün nəticələr sırasında qiymətləndirilə bilər”.
Qeyd edək ki, IV Qlobal Media Forumu 13–14 iyul tarixlərində Şuşada keçirilib. "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusuna həsr olunan forum çərçivəsində dezinformasiyaya qarşı mübarizə, süni intellekt dövründə medianın rolu, postmünaqişə dövründə informasiya siyasəti, media savadlılığının artırılması və beynəlxalq media əməkdaşlığının genişləndirilməsi ilə bağlı panel müzakirələri təşkil olunub.
Aysel

















