1xeber.media xəbər verir ki, Rusiyanın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatındakı (ATƏT) daimi nümayəndəsi Dmitri Polyaniski Avropanın Rusiyanı hərbi yolla məğlub etməyə çalışdığını iddia edib.
Polyaniskinin sözlərinə görə, Avropa ölkələri Ukrayna vasitəsilə Rusiyanı zəiflətməyə və tükəndirməyə, daha sonra isə kifayət qədər hərbi imkan topladıqdan sonra Rusiyanın hərbi məğlubiyyətinə nail olmağa çalışırlar.
"Məqsəd ukraynalıların əli ilə ölkəmizi yorub zəiflətmək, Avropanın kifayət qədər "hərbi güc" toplamasına qədər vaxt qazanmaq, daha sonra isə Rusiyanın hərbi məğlubiyyətinə və dövlət kimi yox olmasına nail olmaqdır", – deyə diplomat ATƏT-in Daimi Şurasının iclasında bildirib.
Polyaniski vurğulayıb ki, Moskvanın mövqeyinə görə, bu, sadəcə ehtimal deyil, Avropa siyasətçilərinin açıq bəyanatlarının mahiyyətidir. Onun fikrincə, belə ritorikanın Ukraynada və bütövlükdə qitədə sülhə nail olmaq istəyi ilə heç bir əlaqəsi yoxdur.
Rusiya nümayəndəsi həmçinin bildirib ki, London görüşündə Qərb siyasətçiləri və Ukrayna Prezidenti Vladimir Zelenski tərəfindən irəli sürülən "ədalətli sülh şərtləri" əslində nüvə dövlətinə qarşı ultimatum xarakteri daşıyır.
Bundan əvvəl Polyaniski Avropa ölkələrinin Rusiya ilə münasibətlərdə hazırkı eskalasiya səviyyəsinin təhlükəsini dərk etmədiyini iddia etmişdi. O, xüsusilə Baltikyanı ölkələrin hava məkanından Rusiyaya qarşı zərbələr üçün istifadə olunması və Avropada pilotsuz uçuş aparatları ilə digər silahların istehsalının yerləşdirilməsi məsələlərini qeyd etmişdi.
Qeyd edək ki, bu açıqlamalar Rusiya rəsmisinin mövqeyini əks etdirir və Avropa ölkələri tərəfindən bu iddialarla bağlı ayrıca rəsmi təsdiq verilməyib.

















