1xeber.media xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski Müdafiə Nazirliyi ilə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı arasında yaranmış fikir ayrılığı ilə bağlı açıqlama verib.
Zelenskinin sözlərinə görə, vəzifədən azad edilən müdafiə naziri Mixail Fedorov Aleksandr Sırskinin rəhbərlik etdiyi Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı ilə yaşanan fikir ayrılıqlarından sonra da rəhbər vəzifələrdən birində fəaliyyətini davam etdirəcək.
"Mən çox istərdim ki, birlik olsun. Tərəflər bunu tapa bilmədilər. Problem yalnız tərəflərin deyil, həm də mənim problemimdir", – deyə Zelenski bildirib.
Ukrayna lideri qeyd edib ki, Fedorovun hansı vəzifəni tutacağı və onun yenidən müdafiə naziri postunda qalıb-qalmayacağı hələ müəyyənləşdirilməyib. Onun sözlərinə görə, qərar əlavə məsləhətləşmələrdən sonra veriləcək.
Zelenski həmçinin etiraf edib ki, Müdafiə Nazirliyi ilə Baş Qərargah arasında qarşılıqlı fəaliyyətlə bağlı problemlər mövcuddur və bunlar yalnız Fedorovla Sırski arasındakı şəxsi fikir ayrılığı ilə məhdudlaşmır. O, səfərbərlik məsələləri və cəbhədəki vəziyyətlə bağlı ciddi fikir ayrılıqlarının olduğunu bildirib.
Bundan əvvəl "Ukrainskaya Pravda" nəşri mənbələrə istinadən yazmışdı ki, Zelenski Fedorovdan sonra Baş Qərargah rəisi Aleksandr Sırskini də vəzifədən azad etməyi nəzərdən keçirir. İddiaya görə, Ukrayna prezidenti məmurlar arasındakı qarşıdurmadan narazı idi.
Qeyd edək ki, Ukrayna rəhbərliyindəki kadr dəyişiklikləri və daxili fikir ayrılıqları ilə bağlı məlumatlar müxtəlif mənbələrin açıqlamalarına əsaslanır.

















