ABŞ Prezidenti Donald Trampın 2028-ci il prezident seçkilərində öz varisi kimi vitse-prezidenti Cey Di Vensin namizədliyini dəstəklədiyi iddia olunur.
1xeber.media xəbər verir ki, bu barədə MS Now nəşri administrasiyadakı anonim mənbələrə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, Tramp son vaxtlar Cey Di Vensi açıq şəkildə dəstəkləməyə başlayıb. Mənbələrdən biri bildirib ki, administrasiyada artıq “Cey Di bizim namizədimizdir, ona kömək etməliyik” fikri formalaşıb.
Məlumata əsasən, Tramp daha əvvəl Cey Di Vens və ABŞ dövlət katibi Marko Rubio arasında seçim edirdi. Bildirilir ki, Vensin son dövrlərdə Amerika mediasında administrasiyanın siyasətini müdafiə edən çıxışları prezidentin yekun qərarına təsir göstərib.
Nəşr həmçinin qeyd edir ki, Tramp dəfələrlə Cey Di Vensin xarici görünüşünü və arıqlamasını tərifləyib.
Vens isə Trampın varisi olmaq uğrunda Rubio ilə mümkün rəqabət barədə suala zarafatla cavab verərək, bunu Trampın üslubuna uyğun “televiziya yarışması” adlandırıb. O, Rubionu administrasiyadakı “ən yaxın dostu” kimi xarakterizə edib.
Qeyd edək ki, bundan əvvəl Marko Rubio bildirib ki, əgər Cey Di Vens 2028-ci il prezident seçkilərində namizəd olmaq qərarına gəlsə, o, öz namizədliyini irəli sürməyəcək.
















