Rusiyada 2026-cı ilin iyun ayında istehlak kreditlərinin orta müddəti ötən ilin eyni dövrü ilə müqayisədə 4,9 faiz azalaraq 2,13 ilə enib.
1xeber.media xəbər verir ki, bu barədə Rusiya Milli Kredit Tarixləri Bürosunun (NBKI) məlumatına istinadən TASS məlumat yayıb.
Məlumata görə, aylıq müqayisədə isə orta kredit müddəti 2,2 faiz artıb.
Ən uzun kredit müddəti Sankt-Peterburqda (2,38 il), Tümen vilayətində (Xantı-Mansi və Yamalo-Nenets muxtar dairələri ilə birlikdə) (2,31 il), Novosibirsk vilayətində (2,30 il), Tatarıstan Respublikasında (2,29 il) və Omsk vilayətində (2,27 il) qeydə alınıb.
Ən qısa müddətli istehlak kreditləri isə Primorsk diyarında (1,91 il), Saxa (Yakutiya) Respublikasında (2,01 il), Nijni Novqorod (2,01 il), Rostov (2,02 il) və Leninqrad vilayətlərində (2,03 il) verilib. Moskvada istehlak kreditlərinin orta müddəti 2,23 il təşkil edib.
NBKI-nin Marketinq direktoru Aleksey Volkov bildirib ki, ötən ilin avqustunda qeydə alınan 3 illik pik göstəricidən sonra kredit müddətləri əhəmiyyətli dərəcədə azalıb.
Onun sözlərinə görə, bankların riskə meyli və vətəndaşların istehlak kreditlərinə tələbi hələ də aşağı səviyyədə qalır. Bu səbəbdən maliyyə qurumları kredit müraciətlərini təsdiqləyərkən borcalanların kredit tarixçəsinə daha ciddi tələblər irəli sürür və bununla gələcəkdə gecikmə risklərini azaltmağa çalışırlar.
NBKI-nin məlumatına əsasən, 2026-cı ilin iyun ayında Rusiyada istehlak kreditinin orta məbləği 187,7 min rubl olub. Bu göstərici may ayı ilə müqayisədə 7,9 faiz, 2025-ci ilin iyun ayı ilə müqayisədə isə 5,4 faiz artıb.
Ən yüksək orta kredit məbləği Moskvada (317,5 min rubl), Sankt-Peterburqda (274,6 min rubl), Moskva vilayətində (253,9 min rubl) və Tümen vilayətində (224,5 min rubl) qeydə alınıb.















