Ukrayna Prezidenti Vladimir Zelenski və Finlandiya Prezidenti Aleksandr Stubb ABŞ Senatında Rusiyaya qarşı sərt sanksiyalar nəzərdə tutan qanun layihəsinin Kiyevə döyüşlərin gedişinə təsir göstərməyə kömək edə biləcəyini bildiriblər.
1xeber.media xəbər verir ki, bu barədə ABŞ senatoru, respublikaçı Cim Rişə istinadən Politico məlumat yayıb.
Senatorun sözlərinə görə, Zelenski və Stubb hesab edirlər ki, Rusiyaya qarşı nəzərdə tutulan “dağıdıcı sanksiyalar” sülhə nail olmaq üçün digər vasitələr qədər, hətta bəzi hallarda daha effektiv ola bilər.
“Onların hər ikisi bu yanaşmanın hamının görmək istədiyi sülhə nail olmaq baxımından ən azı digər tədbirlər qədər, bəlkə də daha təsirli olduğunu düşündüklərini bildiriblər. Bu qanun layihəsi döyüş meydanında atılan istənilən addımdan daha böyük təsir göstərə bilər”, – deyə Riş bildirib.
Bundan əvvəl ABŞ Senatı Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsinin müzakirəyə çıxarılmasını dəstəkləyib. Lakin sənəd üzrə yekun səsvermə hələ keçirilməyib.
Rusiya Prezidenti Vladimir Putin iyulun 27-də bildirib ki, Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar həm sayına, həm də nəticəsizliyinə görə rekord həddə çatıb. O, Rusiyanın qarşıya qoyduğu məqsədlərə nail olacağını vurğulayıb.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə “dağıdıcı sanksiyalar” barədə danışarkən qeyd edib ki, ABŞ və senator Lindsi Qrem Rusiyanın artıq istənilən sanksiya təzyiqinə uyğunlaşdığını anlamalıdır.















