Son illərdə avtomobil idarə edərkən mobil telefondan istifadə halları adi bir vərdişə çevrilib. Halbuki, yol hərəkəti qaydalarına əsasən, sükan arxasında telefondan istifadə qadağandır və inzibati məsuliyyət yaradır. Bəs sürücü tıxacda qaldıqda və avtomobil hərəkətsiz vəziyyətdə olduqda bu qadağa qüvvədə qalırmı? Belə hallarda cərimə tətbiq olunub-olunmaması sürücüləri ən çox maraqlandıran suallardandır. Mövzunun hüquqi tərəfi isə bir çoxları üçün hələ də tam aydın deyil.
Məsələ ilə bağlı vəkil Cavanşir Qasımzadə 1xeber.media-ya açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.1.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsinin idarə edilməsi zamanı telefondan istifadə olunmasına görə 50 manat məbləğində cərimə nəzərdə tutulur:
“"Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununa görə isə sürücü hərəkət vaxtı telefonu əldə tutmaqla ondan istifadə etməməlidir. Tıxacda və ya işıqforda müvəqqəti dayanma qanunvericilik baxımından hərəkətin kəsilməsi və ya başa çatması hesab olunmur, çünki avtomobil hələ də yolun hərəkət hissəsindədir və idarəetmə prosesi davam edir”.
Hüquqşünasın sözlərinə görə, bu səbəbdən mühərriki işlək vəziyyətdə olan maşın tıxacda hərəkətsiz qaldıqda belə, sürücünün əlində telefon olması birbaşa qanun pozuntusu sayılır:
“Bu da inzibati məsuliyyət yaradır. Sürücü yalnız qanunun tələblərinə uyğun olaraq nəqliyyat vasitəsini yolun kənarında duracağa və ya dayanma-durma qaydalarına uyğun yerə çəkib tam saxladıqdan sonra telefondan sərbəst istifadə edə bilər”.
Aysel Timur















