Avqustun 17-də Heydər Əliyev adına İstirahət Parkının amfiteatr səhnəsində rayon İcra Hakimiyyəti, Bakı şəhər Mədəniyyət Baş İdarəsi, YAP Xətai rayon təşkilatı və “Space TV”nin birgə təşkilatçılığı ilə Azərbaycanın Xalq artisti Afaq Bəşirqızı ilə görüş keçirilib.
1xeber.media xəbər verir ki, tədbirdə Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, Xalq artisti Valeh Kərimov, “Space” televiziyasının baş direktoru Ayaz Mustafayev və rayon sakinləri iştirak ediblər.
Görüşdə Azərbaycan teatr və kino sənətinin inkişafında mühüm xidmətləri olan Afaq Bəşirqızının zəngin yaradıcılıq fəaliyyəti və sənət yolu barədə söhbət aparılıb. Xalq artistinin çoxillik səhnə fəaliyyəti, Azərbaycan mədəniyyətinin inkişafına verdiyi töhfələr və tamaşaçı sevgisi xüsusi vurğulanıb.
Səmimi şəraitdə keçən görüş zamanı Afaq Bəşirqızı yaradıcılıq fəaliyyəti ilə bağlı xatirələrini bölüşüb, sənət yolu və səhnə fəaliyyəti barədə danışıb, rayon sakinlərinin suallarını cavablandırıb.
Tədbirin musiqili qonaqları əməkdar artist Amil Həsənoğlu, Şölə Səfərəliyeva, gənc müğənni Rəsul Əfəndiyev olub. İfaçıların təqdim etdiyi musiqi nömrələri tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb və görüşə xüsusi rəng qatıb.
Çıxışlar zamanı Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafında tanınmış sənətkarların xidmətləri qeyd olunub, bu cür mədəni tədbirlərin rayon sakinlərinin asudə vaxtının səmərəli təşkili baxımından əhəmiyyəti vurğulanıb.
Görüş iştirakçıların böyük marağı ilə qarşılanıb və xoş təəssüratlarla yadda qalıb.






















