"Son zamanlar Rusiya media məkanında və sosial şəbəkə seqmentlərində Azərbaycana qarşı nifrət nitqinin, hərbi müdaxilə ssenarilərinin və separatizmin təşviqinin yenidən intensivləşməsi dövlətlərarası münasibətlərin mahiyyətinə və beynəlxalq hüquq prinsiplərinə ciddi zərbə vurur. Düşündürücü və narahatlıq doğuran məqam ondan ibarətdir ki, “Moskva 24” telekanalının yayımladığı “Чистота понимания” proqramında aparıcı İvan Knyazev, politoloq Semyon Uralov və Rusiya Nəqliyyat Nazirliyinin müşaviri Aleksey Çadayevin iştirakı ilə aparılan müzakirələr adi media qalmaqalı çərçivəsini çoxdan aşıb".
Bu fikirləri Musavat.com-a Milli Məclisin deputatı Kamran Bayramov deyib.
O xüsusi olaraq vurğulayıb ki, burada söhbət artıq sadəcə Azərbaycan əleyhinə səslənən sərt ritorikadan və ya tənqiddən getmir: "Efirdə Azərbaycanın müstəqilliyinə və konstitusiya quruluşuna qarşı birbaşa hərbi güc tətbiqi, Bakıda desant əməliyyatlarının planlaşdırılması, ölkənin parçalanması, milli azlıqlar faktorundan istifadə edilərək separatizmin qızışdırılması və hətta Azərbaycan diasporunun öz tarixi vətəninə qarşı səfərbər olunması kimi açıq cinayət tərkibli ssenarilər müzakirəyə çıxarılıb. Bu təxribatçı yanaşmanı daha təhlükəli edən və vəziyyəti dərinləşdirən əsas amil isə həmin iddiaları səsləndirənlərdən birinin, yəni Aleksey Çadayevin Rusiya Federasiyasının rəsmi dövlət strukturunda, xüsusilə Nəqliyyat Nazirliyində müşavir kimi yüksək vəzifə tutmasıdır. Bu məqam haqlı olaraq ciddi suallar doğurur: əgər səslənən şovinist tezislər müstəqil ekspertin məhsuludursa, niyə Rusiya dövlət strukturu öz rəsmi şəxsinin qonşu və müttəfiq dövlətə qarşı açıq hərbi müdaxilə çağırışlarına hüquqi və inzibati qiymət vermir? Əgər bu çağırışlar cavabsız və cəzasız qalırsa, bu hal rəsmi Moskvanın mövqeyindən necə fərqlənir? Belə bir sükut zəmini təbii olaraq ehtimal etməyə imkan verir ki, bu, ayrı-ayrı ekspertlərin qudurğanlığından ziyadə, Rusiyadakı müəyyən güc mərkəzlərinin Azərbaycanı hədələmək üçün dövriyyəyə buraxdığı yeni hibrid təzyiq strategiyasının tərkib hissəsidir".
Milli Məclis təmsilçisi onu da qeyd edib ki, Xəzər donanmasının imkanlarını qabartmaqla, Bakıya desant çıxarmaqla və ya “Ukrayna ssenarisi” ilə hədələməklə təzyiq göstərmək cəhdləri kökündən yanlışdır: "SSRİ-nin süqutundan 35 il keçməsinə baxmayaraq, görünür, Rusiyanın bəzi imperialist dairələri Cənubi Qafqazda formalaşmış yeni geosiyasi reallıqları və Azərbaycanın tam müstəqil xarici siyasət kursunu hələ də həzm edə bilmirlər. Bu cür şantaj ritorikası nəinki Azərbaycanın suveren iradəsini sarsıda bilməz, əksinə, regional sabitliyə və ikitərəfli əməkdaşlığın ruhuna kölgə salır. Yaranmış bu təhlükəli tendensiyaya cavab olaraq Azərbaycan dövləti öz hüquqi və siyasi mövqeyini dərhal və qətiyyətlə ortaya qoyub. Rusiyanın Azərbaycandakı səfirinin Xarici İşlər Nazirliyinə çağırılması, Azərbaycan Baş Prokurorluğunun bu təxribatçı fəaliyyətə dərhal reaksiya verərək İvan Knyazev, Semyon Uralov və Aleksey Çadayev barəsində terrorçuluğa açıq çağırışlar, dövlət əleyhinə yönəlmiş fəaliyyət və milli ədavətin qızışdırılması maddələri üzrə cinayət işi qaldırması, onları beynəlxalq axtarışa verməsi Bakının öz suverenliyini qorumaq qətiyyətinin bariz göstəricisidir. Azərbaycan tərəfi bununla aydın mesaj verir ki, ölkənin konstitusiya quruluşuna qəsd edən hər bir addım, müəllifinin statusundan və tutduğu vəzifədən asılı olmayaraq, hüquq müstəvisində adekvat cavabını alacaq".
Parlamentari sonda fikirlərini bu cür yekunlaşdırdı: "Mövqe aydınlığı indi məhz Rusiya tərəfindən tələb olunur. Əgər rəsmi Moskva Azərbaycanla bəyan etdiyi müttəfiqlik münasibətlərinə sadiqdirsə və bu çağırışların onun rəsmi dövlət siyasəti ilə heç bir əlaqəsinin olmadığını sübut etmək istəyirsə, öz dövlət məmurunun və media nümayəndələrinin bu təxribatına qarşı dərhal hüquqi tədbirlər görməlidir. Əks halda, suveren dövlətə qarşı hərbi təcavüz və separatizmi təbliğ edən şəxslərin cəzasız qalması iki ölkə arasındakı diplomatik əlaqələrə ciddi zərbə vurmaqla yanaşı, Rusiyanın regiondakı etibarlı tərəfdaş imicini də kölgə altında qoyacaq".














