"Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tədbirlərində iştirak etmək üçün Qırğız Respublikasına işgüzar səfərə gəlib. Tədbirdə təşkilatın 25 illiyi, eləcə də insanlararası və mədəni mübadilələr, regional təhlükəsizlik və əməkdaşlıq məsələləri müzakirə olunacaq. Tədbirdə 17 dövlətin liderinin iştirakı nəzərdə tutulub".
1xeber.media xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki, çoxvektorlu xarici siyasət həyata keçirən Azərbaycan əksər aparıcı beynəlxalq qurumlar, o cümlədən ŞƏT və təşkilata üzv olan əksər dövlətlər ilə tərəfdaşlığı gücləndirir:
"Qərb və Şərqlə əməkdaşlığını dərinləşdirən Azərbaycanın regional təhlükəsizliyin qorunmasında rolu daha da artmaqdadır. ŞƏT ilə tərəfdaşlıq coğrafi paylaşımına və əhalisinə görə dünyanın ən böyük təşkilatı ilə əməkdaşlıq deməkdir. Avrasiyanın 65, dünya ərazisinin 24 faizini əhatə edən təşkilata üzv dövlətlərdə dünya əhalisinin 42 faizi yaşayır. Bu eyni zamanda, qlobal nominal ÜDM-in 24, real iqtisadiyyatın isə 36 faizinin həmin dövlətlərdə formalaşması deməkdir. Azərbaycan təşkilat ilə dialoq tərəfdaşlığı olan 15 dövlətdən biridir. 10 üzvü olan təşkilatda 2 dövlət müşahidəçi kimi təmsil olunur. Azərbaycan dialoq tərəfdaşı kimi bu qurumla sıx əməkdaşlıq edir. Bu, 25 trilyon dollarlıq iqtisadiyyatı olan təşkilat ilə tərəfdaşlıq deməkdir.
Azərbaycanın dörd əsas ticarət tərəfdaşından üçü bu təşkilatda təmsil olunur. Onlardan ikisi üzv, biri isə tərəfdaş dövlətdir. ŞƏT ilə əməkdaşlığın güclənməsi fonunda Azərbaycan üçün ABŞ daxil olmaqla Qərb dövlətləri ilə tərəfdaşlığın daha da inkişaf etdirilməsi prioritet olaraq qalmaqdadır. Uğurlu xarici siyasət Azərbaycanın geosiyasi mövqeyini daha da gücləndirir".















