1994-cü ilin ağrılı "Bişkek protokolu" tarixin zibilliyinə gömüldü. Azərbaycan lideri Qırğızıstana torpaqlarını azad etmiş qalib sərkərdə kimi qayıtdı.
90-cı illərin uşaqları və o dövrü yaşayan azərbaycanlılar üçün "Bişkek" adı gələndə ağıla ilk olaraq 1994-cü ildə Qarabağda atəşkəsi rəsmiləşdirən ağrılı "Bişkek protokolu" gəlirdi. O dövrdə bu şəhər bizim üçün məcburi bir geri çəkilmənin və yarımçıq qalmış döyüşün rəmzi idi.
Lakin bugünkü səfər bu tarixin şüuraltımızdakı mahiyyətini tamamilə dəyişdi. Prezident İlham Əliyev Qırğızıstan paytaxtına artıq məğlub ölkənin deyil, öz ərazi bütövlüyünü tam təmin etmiş, rəsmi Xankəndidə və Şuşada üçrəngli bayrağını dalğalandırmış Qalib Dövlətin lideri kimi daxil olub. Azərbaycan bayrağı bu gün Bişkekdə dünyanın ən nəhəng supergüclərinin bayraqları ilə tam bərabərhüquqlu və qürurlu şəkildə yanaşı dalğalanır. Bu səfər, 32 il əvvəlki Azərbaycanla bugünkü qüdrətli dövlətimiz arasındakı böyük tarixi məsafənin ən bariz sübutudur.















