“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 31 avqust – 1 sentyabr tarixlərində Şanxay Əməkdaşlıq Təşkilatının zirvə görüşündə iştirak etmək üçün Bişkekdə səfərdədir. Məlum olduğu kimi, zirvə görüşündə 17 dövlətin liderinin iştirakı gözlənilir. Eyni zamanda, mətbuatda Prezident İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putinlə görüşlərinin keçiriləcəyinə dair məlumatlar yayılıb”.
Bu sözləri Milli Məclisin deputatı Elman Nəsirov 1xeber.media-ya açıqlamasında qeyd edib.
Onun sözlərinə görə, bu görüşlər çərçivəsində əsas diqqət regionda sülh və təhlükəsizlik məsələlərinə yönələcək:
“Xüsusilə Ermənistanın baş naziri ilə görüş zamanı sülh müqaviləsinin imzalanması yolunda mövcud problemlərin aradan qaldırılması istiqamətində ciddi fikir mübadiləsinin aparılması istisna deyil. Rusiya Prezidenti ilə görüşdə isə ikitərəfli münasibətlərdə yaranmış müəyyən anlaşılmazlıqların aradan qaldırılması istiqamətində müzakirələrin aparılacağı gözlənilir. Xüsusilə son zamanlar Rusiya kütləvi informasiya vasitələrində anti-Azərbaycan təbliğatının artması narahatlıq doğurub. Bu məsələnin, eləcə də miqrasiya ilə bağlı problemlərin müzakirə ediləcəyi ehtimal olunur. Bu səfərə Azərbaycan-Qırğızıstan münasibətləri kontekstində də baxmaq lazımdır. İki ölkə arasında münasibətlər yüksək sürətlə inkişaf edir. Siyasi dialoq ürəkaçandır. Azərbaycan Prezidenti İlham Əliyev ilə Qırğızıstan Prezidenti Sadır Japarov arasındakı münasibətlər dostluq və qardaşlıq xarakteri daşıyır. Qarşılıqlı səfərlər və əldə olunan razılaşmalar da bunu təsdiqləyir”.
O qeyd edib ki, xüsusilə Qarabağın bərpası məsələsində Qırğızıstan Azərbaycanın yanında olan dövlətlər sırasındadır:
“İki ölkə arasındakı münasibətlər yalnız ikitərəfli formatla məhdudlaşmır, Türk Dövlətləri Təşkilatı çərçivəsində də uğurla inkişaf edir. Qırğızıstan Türk Dövlətləri Təşkilatının fəal üzvlərindən biridir və Türk dövlətləri arasında iqtisadi, siyasi, ticarət, nəqliyyat, logistika, mədəni və hərbi-texniki əməkdaşlığın inkişafına mühüm töhfələr verir. Bu baxımdan, Azərbaycan Prezidentinin Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirakı həm regional və qlobal sülh və təhlükəsizlik məsələlərinin müzakirəsi, həm də Qırğızıstanla münasibətlərin müxtəlif istiqamətlərdə daha da inkişaf etdirilməsi baxımından olduqca əhəmiyyətlidir”.
Aysel Timur















