Erməni siyasi texnoloq Armen Badalyan Ermənistan Baş naziri Nikol Paşinyanın Bişkek səfərini uğursuz hesab edib.
1xeber.media xəbər verir ki, Badalyan Paşinyanın səfər çərçivəsində cəmi iki tamformatlı görüş keçirdiyini – Azərbaycan və Rusiya prezidentləri ilə danışıqlar apardığını bildirib. Digər görüşlərin isə qısa və ayaqüstü keçirildiyini deyib.
Ekspert Vladimir Putinlə görüşün də gözlənilən nəticəni vermədiyini düşünür. Onun sözlərinə görə, Rusiyanın Ermənistana qarşı tətbiq etdiyi iqtisadi məhdudiyyətlər aradan qaldırılmayıb. Eyni zamanda, Moskva Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi ilə bağlı referendum keçirməsini istəyir.
Badalyanın fikrincə, Ermənistanın Aİ-yə üzvlük prosesinə dair qanun qəbul etməsi Moskvanın İrəvana münasibətinə təsir göstərir. O hesab edir ki, bu vəziyyət Rusiya ilə Ermənistan arasında birgə investisiya və iri biznes layihələrinin həyata keçirilməsini çətinləşdirə bilər.
Ekspert əlavə edib ki, Moskvanın əsas narahatlığı Ermənistanın Avropa İttifaqının maraqları naminə Avrasiya İqtisadi İttifaqının fəaliyyətinə mane ola bilməsi ilə bağlıdır.

















