Bu ilin ilk yarısına olan məlumata görə, Azərbaycanda kommunal xidmətlərə (su, elektrik enerjisi, qaz və digər yanacaq növlərinə) ayda adambaşına 31,17 manat xərclənib.
1xeber.media açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, kommunal xidmətlərə xərclənən vəsait ümumi xərclərin 7,9%-nə bərabər olub.
Qeyd edək ki, qida məhsullarından sonra ən çox vəsait kommunal xidmətlərə sərf olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə kommunal xidmətlərə xərclənən vəsait 2,5% artıb. Belə ki, ötən ilin ilk yarısında bu göstərici 30,41 manat olub.
Məlumat üçün bildirək ki, ən yüksək göstərici Şirvan-Salyan iqtisadi rayonunda qeydə alınıb. Bu iqtisadi rayonda əhali kommunal xidmətlərə ayda adambaşına orta hesabla 39 manat xərcləyib. Ötən ilin eyni dövründə bu göstərici 34,2 manat olub. Beləliklə, Şirvan-Salyanda bu xərclər 4,8 manat və ya 14% artıb.
Bakı şəhərində kommunal xidmətlərə ayda adambaşına düşən xərc 29,7 manatdan 32 manata yüksəlib. Beləliklə, artım 2,3 manat və ya 7,7% təşkil edib.
Şərqi Zəngəzur iqtisadi rayonunda da xərclər əhəmiyyətli dərəcədə artıb. Bu iqtisadi rayonda kommunal xidmətlərə ayda adambaşına düşən xərc 26,1 manatdan 29,5 manata yüksəlib. Beləliklə, artım 3,4 manat və ya 13% olub.
Qazax-Tovuz iqtisadi rayonunda bu göstərici 26,7 manatdan 28,7 manata, Dağlıq Şirvanda 30,1 manatdan 30,9 manata, Gəncə-Daşkəsəndə 29,2 manatdan 30,5 manata, Qarabağda 30,4 manatdan 31,8 manata, Quba-Xaçmazda 28,3 manatdan 29,3 manata, Lənkəran-Astarada 30,4 manatdan 30,7 manata, Mərkəzi Aranda 31 manatdan 31,5 manata, Mil-Muğanda 29,1 manatdan 29,8 manata yüksəlib.
Naxçıvan Muxtar Respublikasında isə kommunal xidmətlərə ayda adambaşına düşən xərc dəyişməyib və 31,8 manat səviyyəsində qalıb.
Abşeron-Xızı və Şəki-Zaqatala iqtisadi rayonlarında isə bu xərclər azalıb. Abşeron-Xızıda göstərici 31,8 manatdan 31,3 manata düşüb.
Şəki-Zaqatalada isə azalma daha böyük olub. Bu iqtisadi rayonda kommunal xidmətlərə ayda adambaşına düşən xərc 37,1 manatdan 27,7 manata enib. Beləliklə, xərclər 9,4 manat və ya 25,3% azalıb.
Beləliklə, son bir ildə ən böyük artım Şirvan-Salyan iqtisadi rayonunda (4,8 manat və ya 14%), ən böyük azalma isə Şəki-Zaqatala iqtisadi rayonunda (9,4 manat və ya 25,3%) qeydə alınıb.Yeniavaz.com

















