Son günlər Şuşada və paytaxtın bir sıra tarixi məkanlarında abidələrin, qaya daşlarının və binaların üzərinə boyalarla adların yazılması cəmiyyətdə ciddi narazılıq və kəskin ictimai qınaq kampaniyası başladıb. Şəhidlərin adlarının və xatirəsinin bu cür təsadüfi, qeyri-peşəkar və vizual baxımdan eybəcər üsullarla "əbədiləşdirilməsinə" çalışılması uca xatirəyə ehtiram forması sayıla bilməz.
1xeber.media xatırladır ki,Azərbaycanın işğaldan azad edilmiş ərazilərində qəhrəmanlarımızın qanı var və heç kimə icazə verilməməlidir ki, onların xatirəsinə bu cür yanaşma ilə kölgə salsın. Dövlət səviyyəsində, yüksək memarlıq prinsipləri ilə yaradılmış kifayət qədər abidə, park, xiyaban və memorial kompleks mövcuddur ki, bu məkanlar şəhidlərimizin adlarını ləyaqətlə yaşadır. Daşlara, divarlara və ya digər obyektlərə özbaşına yazı yazmaq əks-effekt verir – bu, xatirəyə hörmət deyil, əksinə, onun dəyərdən salınması və vizual xaosun yaradılmasıdır.
Bundan əvvəl Nizami Kino Mərkəzinin binasında, İçərişəhərdə və digər tarixi məkanlarda törədilmiş oxşar hallar da ictimaiyyət tərəfindən vandalizm kimi qiymətləndirilmiş, aidiyyəti şəxslər barəsində hüquqi tədbirlər görülmüşdü.
Eyni məsuliyyət və cavabdehlik mexanizmləri bu gün Şuşada qaya daşlarını korlayan şəxslərə qarşı da tətbiq olunmalıdır. İctimai və ya şəxsi əmlaka zərər vurulması, binaların və mədəniyyət nümunələrinin ümumi görkəminə xələl gətirilməsi qəbulolunmazdır.
Unutmaq olmaz ki, abidələrə və unikal təbiət səthlərinə vurulan zərərin aradan qaldırılması əlavə resurs, vaxt və böyük maliyyə tələb edir. Xüsusilə tarixi obyektlərdə qeyri-peşəkar təmizləmə müdaxiləsi daşın strukturuna bərpaolunmaz zərər vura bilər. Azərbaycanın tarixi simasını və mədəni irsini qorumaq, şəhər mədəniyyətinə və ictimai dəyərlərə sahib çıxmaq hər birimizin ümumi məsuliyyəti və vətəndaşlıq borcudur.

















