Mətbuatda yayılan xəbərə görə, Argentina əfsanəsi Lionel Messi ilə portuqaliyalı ulduz Kristiano Ronaldonun eyni komandada bir araya gəlməsi ehtimalı ortaya çıxıb.
1xeber.media xəbər verir ki, “TNT Sports”un yaydığı məlumata görə, bu hadisə gələn dekabrda keçirilməsi planlaşdırılan Karlos Tevesin vida matçında baş verə bilər. Teves matçın detalları ilə bağlı “Boca Juniors” rəhbərliyi ilə bir sıra görüşlər keçirib və “Apache” iki ulduzu birlikdə qarşılaşmaya dəvət etməyi planlaşdırır.
Karlos Tevesin karyerası olduqca zəngin keçib. Onun “Vest Hem”, “Mançester Siti”, “Mançester Yunayted”, “Yuventus”, “Boka Xuniors” və Argentina milli komandası kimi komandalarda birlikdə oynadığı təxminən 60 futbolçunu dəvət edəcəyi bildirilir.
Ronaldo və Messinin tədbirə qatılması halında bu, bütöv bir futbol nəslinə damğasını vurmuş oyunçuların iştirak etdiyi möhtəşəm və daha əvvəl görünməmiş bir tədbirə çevriləcək.
“Apache” Çində keçirdiyi qısa müddətdən sonra “Boka Xuniors”a qayıtdıqdan sonra 2022-ci ilin iyununda peşəkar futbolçu karyerasını başa vurub. O, karyerası ərzində 11 çempionluq qazanıb, 94 qol vurub və 279 oyunda meydana çıxıb.
Teves futbolu tərk etdikdən sonra da futbol dünyası ilə əlaqəsini qoruyub, lakin bu dəfə məşqçilik fəaliyyəti ilə. O, “Rosario Central”, “Independiente” və “Talleres Cordoba” kimi klublarda məşqçi kimi çalışıb.
“Bombonera” stadionunun bu böyük tədbir üçün qapılarını açması nəzərdə tutulan ilk tarix 12-13 dekabr həftəsonudur. Bunun mümkün olmaması halında isə 18-19 dekabr tarixləri nəzərdən keçirilir.
Tarixlər Argentina Peşəkar Liqasının başa çatması ilə toqquşmanın qarşısını almaq məqsədilə seçilir. Xüsusilə həmin günlərdə “Boka Xuniors”un oyun keçirə biləcəyi və bunun Tevesin vida matçının təşkili üçün imkan yaratmayacağı nəzərə alınır.

















