
1xeber.media xəbər verir ki, Almaniyanın xarici işlər naziri Yohann Vadeful Rusiya ilə münasibətlər və mümkün danışıqlar barədə açıqlama verib.
Vadeful bildirib ki, Berlin Moskva ilə dialoqa hazırdır, lakin Rusiyanın təzyiqi qarşısında geri addım atmaq niyyətində deyil. O, Almaniyanın Avropada sabitləşdirici qüvvə olduğunu və danışıqlar üçün qapıları açıq saxladığını vurğulayıb.
Almaniya XİN rəhbəri eyni zamanda Ukraynaya dəstəyin davam etdirilməsinin vacibliyini qeyd edib. Onun sözlərinə görə, Avropa diplomatik səylərdə iştirak etməli, lakin bu, Kiyevə dəstəkdən imtina anlamına gəlməməlidir.
Son günlər Berlin və Moskva arasında gərginlik daha da artıb. Rusiya Almaniyanın Sankt-Peterburqdakı baş konsulluğunun bağlanacağını açıqlayıb. Bu qərar Berlinin Bonn şəhərindəki Rusiya konsulluğunu və Berlindəki Rusiya mədəniyyət mərkəzini bağlamaq qərarına cavab olaraq qəbul edilib.
















