Qış aylarının yaxınlaşması ilə əhali üçün aktuallaşan məsələlərdən biri də təbii qaz üzrə tətbiq edilən limitlər və yüksək istehlak zamanı daha yüksək tariflərin qüvvəyə minməsidir. Soyuq havalarda qaz sərfiyyatının artması ailələrin kommunal xərclərini yüksəltdiyindən limitlərin ləğv edilməsi və ya dəyişdirilməsi məsələsi hər il yenidən gündəmə gəlir.
Bəs qarşıdakı qış mövsümündə qaz limitlərinin ləğvi mümkündürmü? Bununla bağlı hər hansı dəyişiklik gözlənilirmi?
Hazırda əhali üçün təbii qazın qiyməti illik istehlak həcminə uyğun olaraq mərhələli şəkildə müəyyənləşdirilir. Mövcud tarif sisteminə əsasən, müəyyən edilmiş istehlak həddi keçildikcə qazın bir kubmetrinin qiyməti də artır. Bu isə xüsusilə qış aylarında daha çox qaz istehlak edən ailələrin xərclərinin artmasına səbəb olur.
1xeber.media xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, qaz limitlərinin ləğvi məsələsi hər il qış ərəfəsində müzakirə olunsa da, indiyədək bununla bağlı konkret qərar qəbul edilməyib.
Onun sözlərinə görə, limitlərin ləğvi Nazirlər Kabinetinin qərarından asılıdır:
“Bu məsələ hər dəfə qış öncəsi müzakirəyə çıxarılır. Amma indiyədək limitlər ləğv olunmayıb. Bu, Nazirlər Kabinetinin qərarına bağlı məsələdir. Nazirlər Kabineti istəsə, qaz limitlərini ləğv edə bilər. Təəssüf ki, hazırda bununla bağlı ciddi müzakirə belə yoxdur.
Mövcud vəziyyət fonunda qarşıdakı qış mövsümündə qaz limitlərinin tamamilə ləğv olunması o qədər də real görünmür”.
Beləliklə, qış aylarında qaz istehlakının artması ilə əlaqədar limitlərin əhali üçün yaratdığı əlavə maliyyə yükü yenidən müzakirə mövzusuna çevrilsə də, hazırda onların ləğvi ilə bağlı hər hansı rəsmi qərar və ya konkret təşəbbüs açıqlanmayıb.
















