Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Xankəndidə növbəti əmək yarmarkası təşkil edəcək.
Bu barədə nazirlikdən məlumat verilib.
Bildirilib ki, yarmarka sentyabrın 11-də saat 10:00-da Xankəndi Ticarət Mərkəzində keçiriləcək.
Tədbirdə dövlət və özəl sektoru təmsil edən 25 müəssisə tərəfindən mühəndis, həkim, tibb bacısı, laborant, mühasib-xəzinədar, satıcı-kassir, xidmət rəisi, elektromexanik, elektrik, qaynaqçı, aşpaz, qeydiyyatçı, dərzi, satınalma mütəxəssisi, çörəkçi, anbardar, çeşidləyici, sürücü, traktorçu-mexanizator və digər peşə istiqamətləri üzrə 200-ə yaxın vakansiya təqdim olunacaq.
Vakansiyalar Xankəndi şəhəri, Şuşa, Ağdam, Ağdərə və Xocalı rayonlarını əhatə edir.
Yarmarkada vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılacaq. Əmək yarmarkasına gələn işaxtaranların şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir.















