Aİ Belçikaya təzyiq göstərir: Rusiya aktivləri məsələsində ultimatum
1xeber.media xəbər verir ki, Almaniyanın başçılıq etdiyi bir qrup Avropa İttifaqı ölkəsi dondurulmuş Rusiya aktivlərinin Ukraynanın maliyyələşdirilməsinə yönəldilməsinə qarşı çıxan Belçikaya təzyiq göstərir.
“Politico”nun yazdığına görə, Brüsseldə müzakirələr zamanı Belçikaya faktiki olaraq seçim qarşısında qalacağı mesajı verilib. Belə ki, ölkələr Ukraynaya dəstəyi Aİ büdcəsindən maliyyələşdirməli, bu isə fermerlər və regionlar üçün nəzərdə tutulan vəsaitin azalmasına səbəb ola bilər. Digər variant isə dondurulmuş Rusiya aktivlərindən istifadə etməklə milyardlarla avronun əldə edilməsidir.
Məsələ Aİ ölkələrinin Ukraynaya həmin aktivlərlə təminat verilmiş yeni kredit ayırmaq planını yenidən gündəmə gətirməsindən sonra aktuallaşıb.
Belçika hökuməti isə mövqeyini dəyişməyib. Ölkənin hakimiyyət nümayəndəsi “Financial Times”a bildirib ki, Brüsselin bu məsələdə mövqeyi əvvəlki kimi qalır.
Belçika Rusiya aktivlərindən istifadəni hüquqi və maliyyə riskləri ilə əlaqələndirir. Xüsusilə gələcək məhkəmə prosesləri və Rusiyanın vəsaitlərinin geri qaytarılması ehtimalı ölkəni narahat edir.
Qeyd edək ki, daha əvvəl İspaniya, Polşa, Niderland və İsveç Aİ-nin dondurulmuş Rusiya aktivlərindən Ukraynaya yardım üçün istifadə planına yenidən baxılması çağırışı ilə Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallasa müraciət etmişdi.
















