"Bank Respublika" ASC və "Access Bank" QSC-nin səhmdarları "Bank Respublika"nın "Access Bank"ın səhmlərinin 100 %-ni almasını nəzərdə tutan strateji əqdin əsas şərtlərini təsdiqləyiblər.
1xeber.media bu barədə "Bank Respublika"ya istinadən xəbər verir.
Əqdin bu ilin noyabr ayına qədər tamamlanması planlaşdırılır. Əqd çərçivəsində "Access Bank"ın mövcud səhmdarları "Bank Respublika"nın nizamnamə kapitalının ümumilikdə 25 %-ni təşkil edən, yeni buraxılacaq imtiyazlı səhmləri əldə edərək "Bank Respublika"nın səhmdarlarına çevriləcəklər.
Səhmlərin satın alınması başa çatdıqdan sonra "Bank Respublika" və "Access Bank" ilkin mərhələdə ayrı-ayrı banklar kimi fəaliyyətlərini davam etdirəcəklər. Onların sonradan vahid bankda birləşdirilməsi müvafiq tənzimləyici tələblərə uyğun həyata keçiriləcək.
"Bank Respublika" və "Access Bank" oxşar korporativ mədəniyyətə və biznes modellərinə malikdirlər. Birləşmiş bankın cəmi aktivləri 4,5 milyard manata, kredit portfeli isə 3,3 milyard manata çatacaq.
















