Azərbaycan Prezidenti İlham Əliyev dünyada və regionda cərəyan edən sürətli, mürəkkəb proseslər, yeni münaqişə ocaqları və hərbi-siyasi gərginliklər fonunda ölkəmizin milli təhlükəsizlik strategiyasının əsas prioritetlərini diqqətə çatdırıb.
Dövlət başçısı qətiyyətlə bildirib ki, qazanılan tarixi Zəfərə və bərpa olunan ərazi bütövlüyünə baxmayaraq, Azərbaycan xarici risklərə qarşı hər zaman hazır olmalı, ayıqlığını maksimum səviyyədə qorumalıdır.
1xeber.media xəbər verir ki,Prezident İlham Əliyev Azərbaycanın müstəqil, güclü və suveren gələcəyini şərtləndirən 5 əsas sütunu elan edib. Dövlət başçısının sözlərinə görə, xalqın polad birliyi, dövlətin dönməz qətiyyəti, modern prinsiplərlə gücləndirilmiş rəşadətli Ordu, sarsılmaz milli dəyərlər və saf iman ölkəmizin müstəqilliyinin ən etibarlı təminatlarıdır. Bu elementlərin vəhdəti Azərbaycanı qlobal təhdidlərin mərkəzində sabitlik adası kimi saxlamağa imkan verir.
Məruzəni təhlil edən hərbi və siyasi ekspertlər qeyd edirlər ki, rəsmi Bakının ayıq-sayıqlıq çağırışı regional sülhün və daxili inkişafın davamlılığını təmin etməyə yönəlib. Xüsusilə ideoloji və hərbi sahədə daxili faktorların — milli kimliyin və ordunun gücləndirilməsi istənilən asimmetrik təhdidlərin qarşısının vaxtında alınması üçün ən mükəmməl müdafiə sistemidir.

















