Xankəndi şəhəri ilə qardaşlaşma proseduruna başlayan ilk Avropa şəhəri Rumıniyanın Baia Mare şəhəri olub.
1xeber.media xəbər verir ki,Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyin verdiyi məlumata görə, sentyabrın 17-də Baia Mare şəhərinin meri Ioan Doru Dăncuș və Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov Xankəndi ilə Baia Mare şəhərləri arasında qardaşlaşma sazişinin imzalanmasına dair niyyət protokolu imzalayıblar.Niyyət protokolu Baia Mare şəhəri günü çərçivəsində keçirilən tədbirdə imzalanıb. Tədbirdə Rumıniya Senatının Rumıniya–Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvü, Maramureş vilayətinin senatoru Kristian-Auqustin Nikulesku-Tsıqırlaş, Maramureş vilayətinin Vəkillər Kollegiyasının sədri Florin Antrekut, Baia Mare şəhərinin merinin müavini İonut Pırvu və Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov iştirak ediblər.
Baia Mare şəhərinin meri Ioan Doru Dăncuș bildirib ki, təşəbbüs iki şəhər arasında əməkdaşlığın yeni mərhələyə yüksəlməsinə imkan yaradacaq. Əməkdaşlıq çərçivəsində iqtisadi və investisiya imkanlarının təşviqi, biznes dairələri arasında əlaqələrin qurulması, yerli administrasiyalar arasında birgə layihələrin həyata keçirilməsi, həmçinin mədəniyyət, təhsil və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.E.Yusubov çıxışında Xankəndinin qardaşlaşma prosedurunun Avropada ilk olaraq Baia Mare şəhəri ilə başlanmasının təsadüfi olmadığını qeyd edib. O, Azərbaycan və Rumıniya arasında dostluq, tərəfdaşlıq və strateji əməkdaşlıq münasibətlərinin mövcud olduğunu vurğulayıb.
Xüsusi nümayəndə qeyd edib ki, bu təşəbbüs Xankəndinin Avropa şəhərləri ilə yeni əməkdaşlıq imkanlarını genişləndirir. O, Xankəndinin 30 ildən çox davam edən işğaldan sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə dirçəliş, quruculuq və beynəlxalq əməkdaşlıq mərhələsinə qədəm qoyduğunu bildirib.
Tədbirdə çıxış edən senator Kristian-Auqustin Nikulesku-Tsıqırlaş parlamentlərarası dialoq çərçivəsində başlayan əməkdaşlığın regionlararası əlaqələrə çevrilməsinin vacibliyini qeyd edib. O, Qarabağ və Maramureş regionları arasında yeni əməkdaşlıq imkanlarının yarandığını deyib. Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov isə Xankəndi ilə Baia Mare arasında qardaşlaşma prosedurunun Maramureş ilə Azərbaycan arasında konkret layihələrin, real imkanların və davamlı münasibətlərin başlanğıcı olduğunu vurğulayıb.



















