Bir neçə gün əvvəl Prezident İlham Əliyev Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv
ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısı iştirakçılarına müraciət
ünvanlayıb.
Dövlətimizin başçısı bildirib ki, qardaş xalqlarımızı ortaq etnik köklər, dil, mədəniyyət və
ənənələr möhkəm ailə kimi birləşdirir. Təbii müttəfiqliyimizi rəsmiləşdirən Türk Dövlətləri
Təşkilatı geniş coğrafi məkanda yerləşən, nəhəng siyasi və iqtisadi potensialı əhatə edən dost
və qardaş ölkələrimizin birliyinin və səmərəli qarşılıqlı fəaliyyətinin nümunəsidir. Türk dünyası
özünün yüksəliş mərhələsinə qədəm qoymuşdur. Ölkələrimizdə hökm sürən sülh, əmin-
amanlıq və sabitlik şəraiti, uğurla davam etdirilən inkişaf prosesləri xalqlarımızın və
dövlətlərimizin böyük nailiyyətidir. Prezident vurğulayıb ki, altı il əvvəl Azərbaycanın qazandığı,
ümumi fəxr və qürur mənbəyimiz olan Qarabağ Zəfəri regionda yeni geosiyasi reallığın əsasını
qoydu. Bu Zəfər, eyni zamanda, ölkələrimizi iqtisadi, logistik və strateji cəhətdən bir-birinə
bağlayan tarixi bir qapının-Zəngəzur dəhlizinin reallaşmasına zəmin yaratdı. İşğaldan azad
olunmuş ərazilərimizin yenidən qurulmasında və bərpasında göstərdikləri dəstəyə görə
tədbirdə təmsil olunan ölkələrin nümayəndələrinə öz təşəkkürünü bildirib. Bu təşəbbüslər
Azərbaycan xalqı tərəfindən dərin rəğbət və minnətdarlıq hissi ilə qarşılanır.
Bizim sarsılmaz dostluğumuz və qardaşlığımız bu gün vahid ailəmiz olan Türk Dövlətləri
Təşkilatının artan beynəlxalq nüfuzunu və potensialını, Təşkilatın dünyanın güclü geosiyasi
mərkəzlərindən birinə çevrilməsini şərtləndirən əsas amillərdəndir.
Xatırladaq ki, keçən il Qəbələ Zirvə Görüşündə qəbul edilmiş Bəyannamə üzv ölkələrin siyasi,
iqtisadi, enerji, humanitar, hərbi və təhlükəsizlik sahələrində sıx əməkdaşlığını və
inteqrasiyasını ehtiva edən mühüm yol xəritəsidir.
Avropa ilə Asiyanı birləşdirən, türk dövlətlərinin rifahına töhfə verən mühüm nəqliyyat-logistika
layihəsi olan Orta Dəhlizin, o cümlədən Zəngəzur dəhlizinin və digər nəqliyyat bağlantılarının
inkişaf etdirilməsi istiqamətində səy göstərilir. Azərbaycan üzərinə götürdüyü öhdəlikləri birinci
olaraq yerinə yetirib.
Əlamətdar hadisələrdən biri də Azərbaycanda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr
olunmuş Türk Dünyası Həftəsinin keçirilməsidir. Orada görkəmli alimlər, şair və yazıçılar birgə
fəaliyyət meydanı müəyyən ediblər. Mədəni əlaqələr getdikcə genişlənməkdədir.
Prezident fikrini davam etdirərək deyib: “Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın
yenidən müstəqillik əldə etməsindən o qədər də uzun müddət keçməyib, lakin bu dövr həm
mürəkkəb, həm də şərəfli olub. Hər bir ölkənin öz çətinlikləri olub, Azərbaycanın da öz
çətinlikləri olub, lakin hamımız ən mürəkkəb sınaqlardan şərəflə çıxmışıq. Bu gün isə mahiyyət
etibarilə problemlərin böyük hissəsini, - problemlər deyərkən qarşımızda duran qlobal
problemləri nəzərdə tuturam, - arxada qoymuşuq. Qarşıda isə birgə iş, qarşılıqlı fəaliyyətin
möhkəmləndirilməsi, ölkələrimiz və xalqlarımız arasında daha sıx əlaqələrin qurulması, Türk
Dövlətləri Təşkilatının beynəlxalq arenadakı rolunun gücləndirilməsi dayanır. Biz TDT-ni birgə
səylərimizlə aparıcı beynəlxalq institutlardan, aparıcı beynəlxalq təşkilatlardan birinə
çevirməyə çalışmalıyıq.”
Əlbəttə, həmişə görülən işlərin müsbət sonluğu olur. TDT-nin yaradılmasında fəallıq göstərən
Türkiyə və Azərbaycan ümumi dostluq və qardaşlığın nüvəsini təşkil edirlər. Bu iki dövlətin
onilliklər boyu təcrübəsi deyilənlərə ən yaxşı sübutdur. Prezidentlər Rəcəb Tayyib Ərdoğanın
və İlham Əliyevin Özbəkistana, Qazaxıstana, Türkmənistana və Qırğızıstana dövlət səfərləri,
bu istiqamətdə aparılan danışıqlar, birgə layihələr, əldə edilən nailiyyətlər inamla belə deməyə
əsas verir. Çox keçməz ki, Azərbaycan Prezidentimizin göstərdiyi yeni hədəflərə də çatar,
TDT dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarından birinə çevrilər.
Firəngiz Cəfərova,
Sabirabad rayonu Nizami kənd uşaq bağçasının müdiri

















