Birləşmiş Ştatlar Ermənistan Silahlı Qüvvələrində aparılan struktur və idarəetmə islahatlarına texniki, eləcə də təcrübə mübadiləsi çərçivəsində dəstəyini genişləndirir.
1xeber.media xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, sentyabrın 17-də İrəvanda keçirilən ikitərəfli müdafiə müzakirələri zamanı tərəflər hərbi sahədə mövcud əməkdaşlığın nəticələrini və gələcək prioritetləri nəzərdən keçiriblər. Danışıqlarda ABŞ müdafiə idarəsi rəhbərinin müavini Endryu Lumis Vaşinqtonun Ermənistan ordusunun modernləşdirilməsi prosesinə köməyini davam etdirəcəyini vurğulayıb.
Görüşdə ABŞ-nin malik olduğu məsləhət və təcrübə mübadiləsi proqramlarının bütün mexanizmlərindən istifadə edilməklə Ermənistan Silahlı Qüvvələrində müasir hərbi standartların tətbiq olunacağı qeyd edilib. Müzakirələr zamanı, həmçinin iki ölkə arasında hərbi əlaqələrin növbəti mərhələdə inkişaf etdiriləcəyi əsas istiqamətlər dəqiqləşdirilib.
















