1xeber.media xəbər verir ki, Böyük Britaniya hökuməti uzun illərdən sonra ilk dəfə irimiqyaslı münaqişə və digər ciddi böhranlar zamanı tətbiq ediləcək milli fəaliyyət planını yeniləyib.
Yenilənmiş sənəddə britaniyalılara mümkün böhran vəziyyətinə hazır olmaq üçün əvvəlcədən içməli su və konservləşdirilmiş qida ehtiyatı toplamaq tövsiyə olunur.
Böyük Britaniya Silahlı Qüvvələrinin komandanı Riçard Nayton ölkənin Rusiya tərəfindən yaranan təhdidlər fonunda onun 35 illik hərbi xidmət dövrünün ən təhlükəli mərhələsi ilə üzləşdiyini bildirib.
Polşanın Baş naziri Donald Tusk da Rusiyanın NATO ölkələrinə qarşı mümkün hücumları barədə xəbərdarlıq edib. Onun sözlərinə görə, Moskva Ukraynanın iqtisadiyyatına və logistikasına zərər vurmaqla yanaşı, alyans ölkələrinə qarşı addımlarla NATO-nun mövqeyini zəiflətməyə çalışa bilər.
Tusk bu ehtimalı mümkün ssenarilərdən biri kimi qiymətləndirib.
Qeyd edək ki, NATO daha əvvəl Rusiyanı alyans üçün əsas təhlükə kimi qiymətləndirib və hərbi imkanların gücləndirilməsinin vacibliyini vurğulayıb.
















