Müharibəni həmişəlik sona çatdıracaq bir razılaşma əldə etmək üçün İranla ABŞ arasında müzakirələr hələ də davam edir.
1xeber.media xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçinin "Danışıqlar gücü" kitabının çap olunan altıncı nüsxəsinin müqəddiməsində yazılıb.
"Əvvəlki hər iki müzakirə müharibə ilə nəticələndiyi halda, ABŞ ilə danışıqlar aparmaq məntiqlidirmi? Bu sual, ilk baxışda sadə görünsə də, əslində, həqiqətin tərs bir hekayəsini təqdim edir. Qeyd olunan iki müharibə müzakirədən deyil, İranın düşmənlərinin hesablama xətalarından yaranıb", - kitabın Əraqçinin "Telegram" kanalında paylaşılan hissəsində bildirilib. Əlavə edilib ki, hər iki mərhələdə qarşı tərəfi hərbi variantı seçməyə sövq etdirən təsirli müqavimət gücünü itirmiş zəif İran təsəvvürü olub.
Onun sözlərinə görə, İran cəmiyyəti proqnozların əksinə olaraq xarici təhdid qarşısında daha da birləşib:
"Amerika hökumətində İranın venesuelalaşması ideyasının formalaşması onları daha da qətiyyətli edib. İranın daxili qırıla bilən vəziyyətə düşdüyü ideyası təcavüzkarları yanlış qərarlar verməyə cəsarətləndirib, lakin bu düşüncə tərzi reallıqlara əsaslanmaqdan daha çox, onların öz siyasi arzularına söykənirdi. Onların xəyalında İran dərin iqtisadi və sosial böhranlara düçar olmuş bəzi ölkələrin təcrübəsinə bənzər yolda idi və onun müqavimətinin çökməsi üçün yalnız son bir təzyiqin yetərli olacağı görünürdü. Bu hesablama xətasının nəticəsi qırx günlük müharibə olub".















