Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə qarşıdan gələn görüşü zamanı "Cənubi Qafqaz Dəmir Yolu"nun (CQDY) konsessiyası məsələsini müzakirə etmək istədiyini bildirib.
1xeber.media xəbər verir ki, Paşinyan bu barədə "BoonTV" portalına müsahibəsində bildirib.
"Görüş zamanı bütün mümkün məsələlər və onların qarşılıqlı məqbul ola biləcək həll yolları müzakirə ediləcək. Bu (Ermənistan dəmir yolları məsələsi - red.), ən vacib məsələlərdən biridir", - o bildirib.
Daha əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Paşinyanın Putinin dəvəti ilə yaxın vaxtlarda Moskvaya səfər edəcəyini bildirmişdi. Peskov qeyd edib ki, dəqiq tarixlər liderlərin iş qrafikləri nəzərə alınmaqla razılaşdırılacaq.
Xatırladaq ki, 2008-ci ilin fevralında Ermənistanın dəmir yolu infrastrukturu daha 10 il uzadılmaq hüququ ilə 30 il müddətinə CQDY-nin konsessiya idarəçiliyinə verilmişdi.
Mövcud Rusiya konsessiyasına yenidən baxılması mövzusu Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhədlərindəki dəmir yolu sahələrinin bərpası planları fonunda ortaya çıxıb. May ayında baş nazir Nikol Paşinyan Ermənistan hökumətinin onların yenidən qurulmasını öz hesabına həyata keçirməyə hazır olduğunu bildirib.
Paşinyan Moskvaya konsessiyanın dost olan üçüncü ölkəyə verilməsi imkanını nəzərdən keçirməyi təklif edib, lakin sonradan Rusiya nəqliyyat naziri Andrey Nikitin bu məsələnin müzakirə olunmadığını bildirib.















