Hər bir xalqın və dövlətin tarixində onun müstəqilliyini, azadlığını və suverenliyini əks etdirən
önəmli günlər vardır. Azərbaycan tarixində belə mühüm günlərdən biri də 20 Sentyabr – Dövlət
Suverenliyi Günüdür. Ölkəmizin suveren dövlət kimi mövcudluğunu, xalqın öz taleyinə sahib çıxmaq
əzmini və dövlət müstəqilliyinin bərqərar olunmasında atılmış əhəmiyyətli addımı təcəssüm etdirir.
1991-ci ilin əvvəllərində Sovet İttifaqında baş verən siyasi, iqtisadi və sosial böhranlar ittifaq
respublikalarında müstəqillik hərəkatlarını gücləndirdi. Azərbaycan xalqı da öz azadlığı və dövlət
suverenliyi uğrunda mübarizəyə qalxmışdır. Bu hərəkatın nəticəsi olaraq, 1991-ci ilin 20 sentyabrında
Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Suverenliyi haqqında”
Konstitusiya Aktını qəbul etdi. Bu sənəd Azərbaycan dövlətçiliyinin bərpası yolunda atılan həlledici
addımlardan biri oldu.
Konstitusiya Aktı Azərbaycanın siyasi, iqtisadi, hərbi və mədəni sahələrdə müstəqilliyini
təsdiqlədi. Azərbaycan xalqının öz taleyini özü müəyyən etmək hüququ tanındı, respublikanın
qanunvericilik və idarəetmə orqanları tam müstəqil fəaliyyət göstərməyə başladı.
Bu gün Azərbaycan Respublikası müstəqil və suveren bir dövlət olaraq beynəlxalq aləmdə
layiqli yerini tutur. 1991-ci ildən bəri ölkədə dövlət quruculuğu istiqamətində böyük nailiyyətlər əldə
edilmiş, iqtisadiyyat güclənmiş, ordu quruculuğu sahəsində ciddi irəliləyişlər olmuşdur.
Ermənistanın 2020-ci il Tovuz hadisələri ilə başlayan növbəti hərbi təcavüz cəhdinə və ardıcıl
təxribatlarına Azərbaycanın verdiyi cavab nəticəsində, 27 sentyabrda başlayan və 44 gün davam edən
İkinci Qarabağ müharibəsində Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi ilə
Ermənistan ordusunu darmadağın etdi və tarixi Zəfər qazandı. Müharibə nəticəsində işğal edilmiş
ərazilərimiz azad edildi, Kəlbəcər, Ağdam və Laçın rayonlarında yerləşən Ermənistan silahlı qüvvələri
isə həmin ilin sonuna qədər ərazidən çəkildilər. Bununla da torpaqlarını 30 illik işğaldan azad edən
Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü yerinə yetirmiş oldu.
2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı
təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilərək
torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun
bərpa edilməsi məqsədilə böyük əməliyyatlara başlanıldı. Cəmi 23 saat davam edən dövlət
suverenliyinin tam bərpası əməliyyatı nəticəsində müzəffər Azərbaycan Ordusu qarşısındakı bütün
vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi. Qondarma dağlıq Qarabağ rejimi özünü buraxdığını elan
etdi. Bununla da Azərbaycanın bütün əraziləri üzərində suverenliyini tam bərpa etdi. Hakimiyyətin aliliyi
və nəzarət funksiyası tam şəkildə bərpa olundu.
2024-cü ilin 19 sentyabr tarixində Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün
təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalamışdır. Beləliklə, hər il
20 Sentyabr – Dövlət Suverenliyi Günü kimi qeyd olunur.
Suveren dövlət – beynəlxalq hüquqda ali hakimiyyəti təmsil edən, öz dövlətinin daxili və xarici
siyasətində tamamilə müstəqil olan, başqa dövlətin hakimiyyətindən asılı olmayan və hansısa bir
coğrafi ərazidə suverenliyi olan dövlət deməkdir. Dövlət suverenliyi – hər bir xalqın azad yaşamaq,
özünü idarə etmək, milli dəyərlərini qorumaq və inkişaf etdirmək hüququdur. Bu prinsip beynəlxalq
hüququn əsasını təşkil edir. Azərbaycan üçün suverenlik təkcə siyasi müstəqillik deyil, həm də iqtisadi
azadlıq, mədəni dəyərlərin qorunması və milli maraqların təmin olunması deməkdir.
20 Sentyabr – Dövlət Suverenliyi Günü xalqımızın azadlıq və müstəqillik uğrunda apardığı
mübarizənin simvoludur. Bu gün, yalnız tarixə nəzər salmaqla kifayətlənmir, həm də gələcək nəsillərə
dövlətçilik ruhunun aşılanması, milli birlik və həmrəyliyin möhkəmləndirilməsi üçün mühüm bir vəsilədir.
Prezident İlham Əliyev “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan
edilməsi haqqında” 2024-cü il 28 dekabr tarixli Sərəncam imzalamış və 2025-ci il 11 fevral tarixində
müvafiq Tədbirlər Planını təsdiq etmişdir.
Prezident İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi mühüm siyasi və tarixi
əhəmiyyət daşıyan qərarlardan biridir. Bu təşəbbüs Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin
başlanğıcını simvolizə edir. Həm konstitusiya prinsip və dəyərlərinin möhkəmləndirilməsi, həm də milli
suverenliyin tam bərpası bu ilin əsas məzmununu təşkil edir.
Heydər Rüstəmov,
Sabirabad rayonu Qəzli kənd tam orta ümumtəhsil məktəbinin direktoru
















