2023-cü ilin 19-20 sentyabrında Azərbaycan Ordusunun həyata keçirdiyi qətiyyətli
antiterror tədbirləri nəticəsində Qarabağda mövcud olmuş separatçı silahlı dəstələr tərksilah
edildi, qondarma rejim ləğv olundu. Bununla da Azərbaycan Respublikasının suverenliyi tam
bərpa edildi. Bu əməliyyat dövlətçilik tariximizin ən mühüm səhifələrindən biri kimi yaddaşlara
həkk olundu.
Azərbaycan Prezidenti İlham Əliyevin 2024-cü il 18 sentyabr tarixli Sərəncamı ilə hər il
20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd edilməyə başlanıldı. Bu
günün təsis edilməsi 30 ildən artıq davam etmiş işğalın sona çatmasının, minlərlə şəhidin qanı
və canı bahasına qazanılmış qələbənin rəmzidir.
2023-cü il oktyabrın 15-də Prezident, Ali Baş Komandan İlham Əliyev Xankəndi, Xocalı,
Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan bayrağını ucaltdı. Dövlət başçısının sözləri bu
tarixi anın mahiyyətini çıq göstərirdi: “Bu gün tarixi bir gündür. Bu gün Xankəndi şəhərinin
mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı... Düz 20 il bundan əvvəl xalqıma söz
vermişdim ki, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Şadam ki, son 20 il ərzində
verdiyim bütün vədlər icra edildi.” Bu çıxış Azərbaycan xalqının həmrəyliyini və dövlətin
qətiyyətli siyasətinin nəticələrini nümayiş etdirdi.
2023-cü il noyabrın 8-də Xankəndidə Vətən müharibəsi Zəfərinin üçüncü ildönümünə
həsr olunmuş hərbi parad keçirildi. Prezident İlham Əliyev çıxışında Şuşanın azad edilməsini
“Qarabağın tacının geri qaytarılması” kimi dəyərləndirdi və Azərbaycan xalqının bu günə illərlə
hazırlaşdığını vurğuladı.
Prezident İlham Əliyevin 28 noyabr 2023-cü il tarixli Sərəncamı ilə Xankəndidə Qarabağ
Universiteti yaradıldı. Universitet artıq fəaliyyətə başlayıb və dövlət başçısının sözləri ilə desək,
Xankəndi tələbələr şəhərinə çevrilb. Bu ali məktəb Qarabağın elmi, mədəni və sosial inkişafına
böyük töhfə verəcək.
Azərbaycan Respublikasının Milli Məclisi 5 dekabr 2023-cü ildə qəbul etdiyi qanunla
inzibati ərazi bölgüsündə dəyişiklik edərək, mərkəzi Ağdərə şəhəri olmaqla yeni Ağdərə
rayonunun yaradılmasına qərar verdi. Bu qərar dövlət idarəçiliyinin səmərəliliyini artırmaq
məqsədi daşıyır.
2023-cü il dekabrın 21-də Xankəndidə 30 ildən sonra ilk rəsmi futbol oyunu keçirildi.
Ağdamın “Qarabağ” komandası Azərbaycan Kubokunun 1/8 final mərhələsində MOİK-lə
qarşılaşdı. Prezident İlham Əliyevin oyunu izləməsi Qarabağın mədəni və idman həyatına
dönüşün simvoluna çevrildi.
Prezident İlham Əliyev 2023-cü ildən bu günədək Xankəndi, Xocalı, Xocavənd və
Ağdərəyə çoxsaylı səfərlər etmiş, açılışlarda, təməlqoyma mərasimlərində iştirak etmişdir. Bu
səfərlər regionda sürətlə aparılan bərpa-quruculuq işlərinin və dövlət siyasətinin praktiki
təzahürüdür.
Xankəndidə hotellərin, konqres mərkəzlərinin, məktəblərin, uşaq bağçalarının, Zəfər
parkının, dəmir yolu və avtovağzal kompleksinin açılışı və təməlqoyması – bütün bunlar qısa
müddətdə əldə edilən uğurların bariz nümunəsidir.
Antiterror əməliyyatından ötən iki ildə azad edilmiş ərazilərimizdə genişmiqyaslı
quruculuq işləri həyata keçirilmişdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi
Zəngəzur sürətlə dirçəlir.
Bu gün artıq Xankəndi, Xocalı, Xocavənd, Ağdərə Azərbaycanın dövlətçilik tarixində
yeni inkişaf mərhələsinin rəmzlərinə çevrilib və bayrağımız bu torpaqlarda əbədi
dalğalanacaqdır.
Afiq Ağayev,
H.Z.Tağıyev adına 7 saylı Sabirabad şəhər tam orta məktəbinin müəllimi
















