Azərbaycanın Zəfər qələbəsi yalnız beynəlxalq hüquqla təsbit olunan ərazi
bütövlüyümüzün bərpası ilə yekunlaşmadı. Böyük Qələbəmiz həm də yeni qürur tariximizin
başlanğıcı oldu. Məhz Vətən Müharibəsindəki Zəfərdən sonra sonra təqvimdə faciə və işğal
tarixləri qələbə və uğur tarixləri ilə əvəz olundu.
Prezident İlham Əliyevin sərəncamı ilə 20 sentyabrın Xankəndi, Xocalı, Xocavənd və
Ağdərə günü elan olunması da belə bir qürur tarixidir. Bu əlamətdar günün təsis olunması uzun
və məşəqqəti 30 il, minlərlə azərbaycanlı igidin canları və qanları bahasına başa gəlmişdir. Bu
günün təsis edilməsi həmçinin Ermənistanın və qondarma Dağlıq Qarabağın terrorçu silahlı
dəstələrinin tör-töküntülərinin tərk-silah edilərək ərazilərimizdən birdəfəlik çıxarılması ilə
bağlıdır.
2023-cü il noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin
üçüncü ildönümünə həsr olunan hərbi parad bu uğurun zirvə nöqtəsi idi. İndi əsas hədəf 30 il
işğal altında qalan, ermənilər tərəfindən tamamilə dağıdılıb yerlə-yeksan edilən ərazilərimizin
yenidən qurulması və bərpasıdır.
Azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa-quruculuq işləri keçmiş məcburi
köçkünlərin öz yurd-yuvalarına qayıtmasına hədəflənib. Qısa müddətdə Xankəndi ölkənin əsas
şəhərlərindən birinə çevrilib, burda Qarabağ Universiteti artıq ikinci tədris ilinə başlayıb,
Qarabağ Universitetinin Klinikası binasının, Tibb və sağlamlıq elmləri fakültəsinin tədris
korpusu fəaliyyətə başlayıb.
Eyni zamanda qısa müddətdə Xocalı, Xocavənd və Ağdərəyə insanlar qayıdıb, burda
məskunlaşmaya start verilib. Ölkə rəhbərinin bu bölgəyə son səfərində yurd yerinə qayıdan
insanlarımızla görüşlərində də bu faktor önə çəkildi.
Prezident bildirdi ki, bu gün haqlı olduğumuzu bir daha burada sübut edirik. Onlar şəhər
və kəndlərimizi yerlə-yeksan etmişdilər, biz isə qurub-yaradırıq. Bütün Qarabağ, bütün Şərqi
Zəngəzur tikinti meydançasıdır. Qısa müddət ərzində bu gözəl evlərin bərpası, tikintisi, bütün
infrastrukturun yaradılması gücümüzü, niyyətimizi göstərir.
Əsas odur ki, bütün siyasi addımlarımızın mərkəzində Azərbaycan vətəndaşı dayanır.
Prezidentin sakinlər ilə görüşü tarixi Zəfərimizə, suverenliyimizin tam bərpasına gedən yolun,
azad edilmiş torpaqlarda görülən işlərin təqdimatı oldu.
Anar Xəlilov,
Sabirabad RİHB aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş
şöbəsinin baş məsləhətçisi
















