20 sentyabr Ağdərə, Xocavənd, Xankəndi və Xocalının azad edilməsinin ildönümü kimi
Azərbaycan tarixində xüsusi yer tutur. Bu gün həm ərazi bütövlüyümüzün bərpasının, həm də
xalqımızın milli qürurunun simvoludur. Azad edilmiş torpaqlar bu gün yalnız dirçəlmə və bərpa
mərhələsindən keçmir, həm də beynəlxalq tədbirlərin mərkəzinə çevrilərək Azərbaycanın
qlobal arenadakı mövqeyini möhkəmləndirir.
Bir vaxtlar faciələrin rəmzinə çevrilmiş Xankəndi bu gün artıq regional əməkdaşlıq və
beynəlxalq dialoqun yeni məkanına çevrilib. Burada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının
(İƏT) sammiti şəhərin yeni statusunu təsdiqlədi. Prezident İlham Əliyevin dediyi kimi:
“Biz azad olunmuş torpaqları bərpa etməklə yanaşı, onları beynəlxalq əməkdaşlıq
məkanına çeviririk. Xankəndi bu gün regionun mühüm siyasi mərkəzi kimi formalaşır.”
Sammitdə iştirak edən dövlətlərin nümayəndələri Azərbaycanın regionda yaratdığı yeni
reallığı qəbul etdiklərini nümayiş etdirdilər.
Beynəlxalq media forumunun Şuşada keçirilməsi, lakin Xankəndidən başlanması xüsusi
məna daşıyır. Azərbaycanın mədəniyyət paytaxtı ilə Xankəndinin birgə təqdimatı milli-mənəvi
dəyərlərin və müasir diplomatik təşəbbüslərin birləşdiyini göstərir. Prezident İlham Əliyevin
sözləri ilə:
“Şuşa bizim mədəniyyətimizin simvoludur, Xankəndi isə bu gün yeni siyasi və diplomatik
mərkəzə çevrilir. Bu şəhərlər birlikdə Azərbaycanın gücünü, həm keçmişini, həm də gələcəyini
nümayiş etdirir.”
Son aylarda Xankəndidə keçirilən tədbirlər şəhərin tədricən beynəlxalq status
qazanmasına dəlalət edir. Burada keçirilən görüşlər, sammitlər və forumlar Azərbaycanın
yalnız region üçün deyil, həm də qlobal əməkdaşlıq üçün mühüm tərəfdaş olduğunu
təsdiqləyir. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki:
“Cənubi Qafqazda sülh və əməkdaşlıq üçün yeni imkanlar yaranıb. Azərbaycanın
yaratdığı reallıq bütün region dövlətlərinin maraqlarına xidmət edir.”
Bu gün Xankəndi sadəcə bərpa olunmuş şəhər deyil. O, quruculuğun, diplomatiyanın və
beynəlxalq etirafın simvoluna çevrilib. Şəhərin cazibə mərkəzinə çevrilməsi Azərbaycanın 44
günlük müharibədə əldə etdiyi hərbi qələbəni davamlı siyasi və diplomatik uğurlara çevirdiyini
göstərir.
20 sentyabr - azadlıq və qürur günü - bu mənada yalnız tarix deyil, həm də gələcəyin
rəmzidir. Xankəndi artıq yeni bir dövrün, Cənubi Qafqazda sülhün və əməkdaşlığın simvoludur.
Nadir Quliyev,
Sabirabad rayonu, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi
















