1xeber.media xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın müstəqillik günü münasibətilə erməni həmkarı Ararat Mirzoyanı təbrik edib.
Lavrov Rusiya və Ermənistan arasında hərtərəfli əməkdaşlığın, o cümlədən iki ölkənin xarici siyasət qurumları arasında fəal dialoqun davam etdirilməsinin xalqların qarşılıqlı maraqlarına cavab verdiyini bildirib.
“Rusiya və Ermənistan arasında hərtərəfli qarşılıqlı fəaliyyətin, o cümlədən xarici siyasət qurumları arasında fəal dialoqun qorunub saxlanılmasının ölkələrimizin xalqlarının qarşılıqlı maraqlarına cavab verdiyinə əminəm”, - deyə Lavrov vurğulayıb.
Rusiyanın xarici işlər naziri Ermənistan Xarici İşlər Nazirliyinin əməkdaşlarına cansağlığı, rifah və uğurlar arzulayıb.
Qeyd edək ki, 2026-cı ildə Rusiya-Ermənistan münasibətlərində ciddi fikir ayrılıqları yaşanır. Ermənistan rəhbərliyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakını dondurduqdan sonra Avropa İttifaqı ilə yaxınlaşma istiqamətində addımlar atır. Rusiya isə dəfələrlə İrəvanı Aİ ilə Avrasiya İqtisadi İttifaqı arasında seçim məsələsində mövqeyini müəyyənləşdirməyə çağırıb.
















