Sosial mediada Mərkəzi Klinikada müalicə olunan ağır ürək xəstəsi ilə bağlı yayılan məlumatlar mübahisəyə səbəb olub. Tanınmış kardioloq, professor Firdosi İbrahimov ittihamlara geniş açıqlama ilə cavab verərək hadisənin tamamilə fərqli şəkildə baş verdiyini bildirib.
Professorun sözlərinə görə, klinikaya kardiyogen şok vəziyyətində gətirilən 60 yaşlı qadının həyatı ciddi təhlükə altında olub. Həkim komandası ödənişin edilməsini gözləmədən xəstənin həyatını xilas etmək üçün təcili müalicəyə başlayıb. Xəstə kritik vəziyyətdən çıxarıldıqdan sonra isə onun oğlu göstərilən tibbi xidmətin haqqını ödəməkdən yayınıb, tibb işçilərinə qarşı təhqiramiz ifadələr işlədib.
Firdosi İbrahimov sosial mediada yayılan ittihamlara cavab olaraq bunları bildirib:
“Çox dəyərli həmvətənlərim, sosial mediada yayılan məlumatla bağlı həqiqəti bilməyinizi istəyirəm.
Haqqında söhbət gedən xəstə səhər saat 6 radələrində ağır ürək çatışmazlığı, hemodinamik qeyri-stabil və kardiyogen şok vəziyyətində Mərkəzi Klinikanın Təcili tibbi yardım şöbəsinə gətirilib. Həmin vaxt xəstənin qanda oksigen saturasiyası 70 faiz, arterial təzyiqi 80/50 mm civə sütunu, nəbzi isə dəqiqədə 133 olub. Xəstədə ağciyər ödemi də müşahidə edilib.
Xəstə 60 yaşında idi. Yaxınlarına onun vəziyyətinin son dərəcə ağır olduğu, həyati təhlükə daşıdığı və vəziyyətinin stabilləşdirilməsi üçün kardioreanimasiya şöbəsində nəzarətə götürülməsinin vacibliyi bildirilib”.
“Ödəniş gözlənilmədən müalicəyə başladıq”
Professor qeyd edib ki, Mərkəzi Klinika təsərrüfat hesablı tibb müəssisəsidir və burada xidmətlərin əsas hissəsi ödənişli qaydada həyata keçirilir. Klinikada müəyyən xidmətlər icbari tibbi sığorta çərçivəsində göstərilsə də, Xidmətlər Zərfinə daxil olmayan tibbi xidmətlərə görə ödəniş tələb olunur.
Onun sözlərinə görə, xəstənin yaxınlarına bu barədə qəbul şöbəsində əvvəlcədən məlumat verilib, onların razılığı alınıb və müvafiq sənədlər imzalanıb:
“Xəstə kardioreanimasiya şöbəsinə yerləşdirildikdən sonra vəziyyətinin ağırlığı nəzərə alınaraq yaxınlarının ödəniş etməsi gözlənilmədi. Dərhal protokola uyğun müalicəyə başladıq.
Bu müddətdə xəstənin oğlu qeydiyyat şöbəsində müxtəlif bəhanələr gətirərək ödəniş etməkdən yayındı. Buna baxmayaraq, mən təcili şəkildə evdən klinikaya gəldim və xəstənin müalicəsini birbaşa öz rəhbərliyim altında apardım. Komandamız xəstənin həyatını xilas etmək üçün bütün imkanlarını səfərbər etdi”.
Üç damarda ciddi darlıq aşkarlanıb
Firdosi İbrahimovun açıqlamasına görə, ilkin intensiv müalicədən sonra xəstənin vəziyyəti nisbətən stabilləşib və o, angioqrafiya laboratoriyasına köçürülüb.
Müayinə zamanı xəstənin hər üç koronar damarında ciddi darlıqlar aşkarlanıb. Əsas damardakı darlıq kritik səviyyədə olduğu üçün açıq ürək əməliyyatı zəruri sayılıb. Lakin xəstənin ümumi vəziyyəti dərhal cərrahi əməliyyata imkan verməyib:
“Açıq ürək əməliyyatı çox riskli idi və yalnız bir neçə gündən sonra həyata keçirilə bilərdi. Xəstənin həyatı isə real təhlükə altında idi. Gözləmək onun itirilməsi ilə nəticələnə bilərdi.
Bu vəziyyətdə Mərkəzi Klinikanın yüksək texnoloji imkanlarından istifadə edərək xəstəni açıq cərrahi əməliyyat olmadan, invaziv müdaxilə ilə kritik vəziyyətdən çıxarmağa qərar verdik”.
“Bir ananı xilas etmək üçün səfərbər olduq”
Professor bildirib ki, müdaxilə zamanı ABŞ və Yaponiya istehsalı olan yüksək texnoloji və bahalı tibbi sərf materiallarından istifadə edilib. Peşəkar komandanın həyata keçirdiyi müdaxilə nəticəsində kritik damar açılıb və xəstənin vəziyyəti stabilləşib:
“Özüm və komandam yüksək məsuliyyət hissi ilə bir ananı xilas etmək üçün səfərbər olduq. Yüksək texnoloji tibbi ləvazimatlardan istifadə etməklə damarı açdıq. Bundan sonra xəstə klinik baxımdan stabilləşdi.
Unutmaq lazım deyil ki, istifadə olunan tibbi sərf materiallarının hamısı ABŞ və Yaponiyada istehsal edilir və çox bahalıdır”.
“Anasının xilas olduğunu gördükdən sonra təhqirə keçdi”
Firdosi İbrahimovun sözlərinə görə, xəstənin oğlu anasının kritik vəziyyətdən çıxdığını gördükdən sonra göstərilən tibbi xidmətin ödənişindən yayınmağa çalışıb. O, həkim komandasına qarşı hörmətsizlik göstərərək təhqiramiz ifadələr işlədib:
“Xəstənin kritik vəziyyətdən çıxdığını görən oğlu bir növ arxayınlaşdı. Göstərilən tibbi xidmətin ödənişindən yayınmaq üçün bir qədər əvvəl anasına ‘ikinci həyat’ bəxş edən, bunun üçün gərgin əmək sərf edən peşəkar komandaya hörmətsizlik göstərdi və təhqiramiz ifadələr işlətdi. Xəstənin özü isə evə yazılarkən komandamıza təşəkkürünü bildirdi”.
Professor xəstənin oğlu ilə yalnız bir dəfə qarşılaşdığını qeyd edib. Həmin şəxs özünün işğaldan azad olunmuş ərazilərdən olduğunu bildirib. Firdosi İbrahimov isə Vətən müharibəsi iştirakçılarına klinikada ciddi güzəştlərin tətbiq edildiyini diqqətinə çatdırıb:
“Ondan Vətən müharibəsində iştirak edib-etmədiyini soruşdum. Yaşı uyğun olsa da, müharibə iştirakçısı olmadığını bildirdi”.
“Heç bir ödəniş etmədən bütün tibbi xidmətləri aldılar”
Kardioloqun sözlərinə görə, xəstənin kardioreanimasiya şöbəsində qalması, aparılan müalicə, angioqrafiya və həyati əhəmiyyətli invaziv müdaxilə üçün yaxınları tərəfindən heç bir ödəniş edilməyib:
“Bütün qarayaxmalara və təhqiramiz ifadələrə baxmayaraq, biz öz işimizi vicdanla gördük. Xəstənin vəziyyətini stabilləşdirdik, müalicəsini təyin etdik və evə yola saldıq”.
Professor mediaya da çağırış etdi
Firdosi İbrahimov açıqlamasında bəzi media qurumlarının qarşı tərəfin mövqeyini öyrənmədən həkimlər haqqında ittihamlar yaymasını da tənqid edib. O bildirib ki, bu cür kampaniyalar həkimlərlə pasiyentlər arasındakı etimadı sarsıdır, peşəkar mütəxəssislərdə məyusluq yaradır və nəticədə ağır xəstələrin qəbuluna mənfi təsir göstərir:
“Əziz media nümayəndələri, həkimlərə qarşı heç bir açıqlamaya əsaslanmadan, qarşı tərəfi dinləmədən aparılan qarayaxmalar nəticəsində ölkədə həkimlərin sayı ciddi şəkildə azalır.
Bu kimi hallara görə bir çox klinika ağır xəstələri qəbul etməkdən çəkinir. Ölkədəki həkimlərin əksəriyyətinin adından deyə bilərəm ki, ciddi etimad problemi yaşayırıq”.
Professor ictimaiyyəti savadlı, istedadlı və vicdanla çalışan mütəxəssislərə qarşı aparılan əsassız kampaniyalara inanmamağa çağırıb:
“Hər kəsi ölkənin savadlı, istedadlı və peşəkar mütəxəssislərinə, gənclərinə, işini vicdanla görən hər bir vətəndaşına qarşı aparılan qarayaxmalara qarşı birlik nümayiş etdirməyə çağırıram.
Bu cür xoşagəlməz davranışlar məyusluq yaratsa və işimizi çətinləşdirsə də, ölkə də bizimdir, Vətən də bizimdir”.
Firdosi İbrahimov açıqlamasını dahi Azərbaycan şairi Nizami Gəncəvinin məşhur misraları ilə tamamlayıb:
“Qüvvət elmdədir, başqa cür heç kəs,
Heç kəsə üstünlük eyləyə bilməz!”
Qeyd edək ki, açıqlamada səslənən fikirlər professor Firdosi İbrahimovun mövqeyini əks etdirir. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Musavat.com

















