Bu gün təqvimə baxıram, tarixlərdən 27 sentyabrdır. İçimdə qəribə bir sükut, qəhər və eyni zamanda sonu görünməyən bir qürur dalğası var. Bəlkə də bir millətin eyni anda həm ağlayıb, həm də başını dik tuta biləcəyi yeganə gündür bu gün. Anım Günüdür...
Bilirsiniz, mənə görə bu gün sadəcə rəsmi bir tarix, xatirə tədbirlərindən ibarət bir gün deyil. Bu gün – bizim itirdiyimiz o gözəl insanlarla, o igid oğullarla gizli bir dərdləşmə günümüzdür.
Hər sentyabrın bu günündə eyvandan asılan üçrəngli bayraqlara baxanda, küçədəki maşınların saat 12:00-da eyni anda verdiyi o səsləri eşidəndə boğazım qəhərlənir. Düşünürəm... Biz bu gün rahatca küçədə gəzək, anamızı, dostumuzu qucaqlaya bilək, azad nəfəs alaq deyə, neçə-neçə evdə işıqlar söndü. Neçə-neçə ana oğulsuz, neçə-neçə uşaq atasız qaldı. Onlar öz gəncliklərini, arzularını, sevgi dolu gələcəklərini bircə an belə tərəddüd etmədən bu torpağa basdırdılar. Bax, bu fədakarlığın qarşısında hansı sözü yazsan, hansı cümləni qursan, sanki əskik qalır.
Amma bu kədərin içində elə bir qürur var ki, o, bütün ağrıları üstələyir. Biz illərlə boynubükük yaşadıq, dostlar. Başımız aşağı, qəlbimiz qırıq idi. 2020-ci ilin məhz bu payız günündə başlayan o böyük yol bizim sadəcə torpaqlarımızı yox, həm də tapdanmış qürurumuzu bizə qaytardı. Bu gün mən bir azərbaycanlı olaraq dünyada başıdik gəzirəmsə, Şuşanın, Laçının, Xankəndinin havasını ciyərlərimə çəkə bilirəmsə, bunu o müqəddəs şəhidlərə borcluyam.
Onlar canları ilə bizə sadəcə qələbə yox, bütöv bir Vətən və heç vaxt sarsılmayacaq bir kimlik bağışladılar.
Şəhidlər ölmür, bəli, bu sadəcə təsəlli cümləsi deyil. Onlar bu gün Qarabağın hər daşında, hər pıçıldayan yarpağında, dalğalanan hər bayrağında yaşayırlar. Onlar bizə baxırlar. Və bizim üzərimizə düşən ən böyük vəzifə — onların canı bahasına ucalan bu Vətəni göz bəbəyimiz kimi qorumaq, onları hər gün, hər an qəlbimizdə yaşatmaqdır.
Bu gün mən həm kədərliyəm, həm də dünyanın ən qürurlu insanıyam. Ruhunuz qarşısında baş əyirəm, ey bu torpağı Vətən edən qəhrəmanlar. Haqqınızı bizə halal edin...
Aidə Tofiqqızı
















