Sentyabrın 27-də Anım Günü münasibətilə təsdiq olunmuş tədbirlər planına əsasən, Lənkəran şəhərinin Heydər Əliyev prospektində ağacəkmə aksiyası keçirilib.
1xeber.media xəbər verir ki, tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, aparatın rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, habelə yerli xidmət sahələrinin, təşkilat və müəssisələrin rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Rayon ərazisinin ekoloji vəziyyətinin yaxşılaşdırılması, yaşıl zonaların genişləndirilməsi və ətraf mühitin mühafizəsi məqsədilə təşkil olunan aksiyada 200 ədəd Eldar şamı, 200 ədəd sərv və 100 ədəd tuya olmaqla, ümumilikdə 500 ədəd həmişəyaşıl ağac əkilmişdir.
Aksiya çərçivəsində yeni əkilmiş ağaclar aqrotexniki qaydalara uyğun olaraq suvarılmış və onlara xüsusi qulluq göstərilmişdir. Ərazidə yaşıllaşdırma və abadlıq işlərinin mütəmadi olaraq davam etdirilməsi nəzərdə tutulur.





















