Azərbaycanda fermerlərin əkin sahələrinə dəymiş zərərlərlə bağlı yeni rəqəmlər açıqlanıb. 2026-cı ilin ilk 9 ayında 8 727 hektar əkin sahəsində zərər müəyyən edilib və ümumi zərərin 4 milyon 468 min manat olduğu hesablanıb.
Bu barədə Aqrar Sığorta Fondundan məlumat verilib.
Fondun məlumatına görə, hesabat dövründə daxil olan müraciətlər əsasında 1268 sığorta müqaviləsi üzrə zərər qeydə alınıb. Zərərlərin əsas hissəsi dolu, sel-subasma və fırtına nəticəsində yaranıb.
Belə ki, dolu 2 326 hektar, sel-subasma 2 913 hektar, fırtına isə 2 424 hektar əkin sahəsinə zərər vurub. Dolu üzrə 1,47 milyon manat, sel-subasma üzrə 1,44 milyon manat, fırtına üzrə 942 min manat, üçüncü şəxslərin hərəkətləri üzrə isə 504 min manat zərər ödənişi hesablanıb. Yanğın, vəhşi heyvanların hücumu və şaxtavurma nəticəsində də zərərlər qeydə alınıb.
Ən böyük zərər taxıl sahələrində müəyyən edilib. 6 945 hektar taxıl sahəsinə 2 milyon 180 min manat zərər dəyib. Bu məbləğ bütün hesablanmış ödənişlərin 49 faizini təşkil edir. Meyvə bağlarında zərər 1,6 milyon manat, texniki bitkilərdə isə 621 min manat olub.
Regionlar üzrə ən böyük zərər Quba-Xaçmaz iqtisadi rayonunda qeydə alınıb – 1,21 milyon manat. Şəki-Zaqatalada 1 milyon 82 min manat, Şirvan-Salyanda 793 min manat, Qarabağda 457 min manat, Dağlıq Şirvanda isə 252 min manat zərər hesablanıb.
Hazırda Aqrar Sığorta Fondu ödənişlərin həyata keçirilməsi üçün sənədləşmə işləri aparır. Yaxın zamanda fermerlərə sığorta ödənişlərinin verilməsinə başlanılacaq.
Qeyd edək ki, Fond 2026-cı ilin ilk 8 ayında bitkiçilik və heyvandarlıq təsərrüfatlarına ümumilikdə 1 milyon 708 min manat sığorta ödənişi edib.
Aqrar sığorta əkinləri dolu, sel-subasma, fırtına, yanğın, şaxta, vəhşi heyvanların hücumu, üçüncü şəxslərin hərəkətləri və digər risklərdən qoruyur. Sığorta haqqının bir hissəsi dövlət tərəfindən qarşılanır.
Aqrar Sığorta Fondu fermerləri payızlıq əkinlərini sığortalamağa çağırıb. Ətraflı məlumatı Fondun rəsmi internet səhifəsindən və 1651 Çağrı Mərkəzindən əldə etmək mümkündür.















