Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin II Azərbaycan Beynəlxalq
İnvestisiya Forumundakı proqram xarakterli çıxışı ölkəmizin yeni iqtisadi inkişaf modelinin
strateji çərçivəsini və qlobal investisiya xəritəsindəki güclü mövqeyini bir daha nümayiş etdirdi.
Dövlət başçısının təqdim etdiyi dərin təhlil və gələcəyə hədəflənmiş tezislər göstərir ki,
Azərbaycan son 20 ildə formalaşdırdığı dayanıqlı iqtisadi bünövrəyə söykənərək, keyfiyyətcə
yeni inkişaf və şaxələnmə mərhələsinə qədəm qoyur.
Cənab Prezidentin vurğuladığı kimi, sabit iqtisadiyyat və müstəqil maliyyə-iqtisadi
sistem olmasaydı, bu gün gələcək inkişaf hədəflərindən danışmaq mümkün olmazdı.
Müstəqilliyin ilk illərində – 1990-cı illərin əvvəllərində tənəzzülə uğramış sənaye, dərin iqtisadi
böhran, vətəndaş müharibəsi təhlükəsi və Ermənistanın işğalçılıq siyasəti nəticəsində
yaranmış 1 milyon qaçqın və məcburi köçkün problemi ilə üz-üzə qalan ölkəmiz, bu gün
tamamilə fərqli bir reallıq yaradıb. Son 20 ildə ölkə iqtisadiyyatına 350 milyard ABŞ dollarından
çox investisiyanın cəlb edilməsi və bunun yarısının birbaşa xarici investisiyaların payına
düşməsi Azərbaycana olan beynəlxalq etimadın bariz göstəricisidir. Ölkəmizin maliyyə
dayanlığı hazırda qlobal miqyasda ən yüksək göstəricilərdən birinə malikdir. Məhz bu maliyyə
müstəqilliyi və siyasi sabitlik Azərbaycanı qlobal geosiyasi təlatümlərin və risklərin artdığı bir
dövrdə xarici investorlar üçün ən etibarlı və proqnozlaşdırılan “təhlükəsiz liman”a çevirir.
Uzunmüddətli və dayanıqlı artıma nail olmaq üçün neft-qaz sektorundan kənar
sahələrin potensialından maksimum faydalanmaq hazırkı dövrün əsas tələbidir. Bu gün ölkə
ÜDM-nin 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşsə də, ixrac strukturunda qeyri-neft
payının artırılması əsas hədəf kimi müəyyən edilib. Dövlət başçısı çıxışında iqtisadiyyatın
gələcək hərəkətverici qüvvəsi olacaq bərpaolunan enerji və “Yaşıl keçid”, logistika, nəqliyyat
və multimodal bağlantılar, mədənçilik, rəqəmsallaşma və süni intellekt, ərzaq təhlükəsizliyi və
kənd təsərrüfatı kimi prioritet sahələri xüsusi olaraq diqqətə çatdırdı. Belə ki, Azərbaycan
nəhəng bərpaolunan enerji potensialına malikdir. Təkcə Xəzər dənizinin Azərbaycan
sektorunda 157 giqavatlıq külək enerji potensialı mövcuddur. Quruda artıq Günəş və külək
elektrik stansiyaları fəaliyyətdədir. Əsas hədəf elektrik enerjisi istehsalında təbii qaz istehlakını
minimuma endirmək, qənaət olunan qazı ixraca yönəltmək və önümüzdəki 5 il ərzində ölkənin
hər yerində “yaşıl enerji” mənbələri formalaşdırmaqdır. “Yaşıl enerji”yə keçidlə yanaşı ölkəmiz
bu gün Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşərək regional
logistika qovşağına çevrilib. Dənizə birbaşa çıxışı olmayan ölkə olmasına baxmayaraq, fiziki
infrastrukturun qurulması, dəmir yollarının 60 faizinin elektrikləşdirilməsi, 9 beynəlxalq hava
limanının tikintisi və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının genişləndirilməsi bu uğurun
əsasını qoyub. Sevindirici haldır ki, bu il Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcmi
16 milyon tona çatacaq.
Mədənçilik, rəqəmsallaşma və süni intellektlə bağlı yaxınlarda qəbul edilmiş 4 illik
Dövlət Proqramı mədənçilik sektoruna böyük təkan verəcək. Eyni zamanda, bol və ucuz enerji
potensialı ölkəmizdə süni intellekt data mərkəzlərinin yaradılması və daxili rəqəmsal tələbatın
ödənilməsi üçün geniş imkanlar açır.
Qlobal iqlim dəyişiklikləri və su qıtlığı fonunda isə daxili bazarı qorumaq, idxaldan
asılılığı azaltmaq üçün qəbul edilən dövlət proqramı kənd təsərrüfatına xarici və yerli
investisiyaların cəlb edilməsini stimullaşdırır.
Şaxələndirmə siyasətinə rəğmən, neft və qaz iqtisadiyyatda aparıcı rolunu saxlamaqda
davam edir və buradan əldə olunan gəlirlər yenidən iqtisadiyyatın digər sahələrinə yönəldilir.
Forum çərçivəsində “Exxon” şirkəti ilə qeyri-ənənəvi yataqların işlənilməsi və “Total” şirkəti ilə
“Abşeron” yatağının ikinci mərhələsi üzrə imzalanan sazişlər hasilatı daha da artıracaq.
Bununla yanaşı, Azərbaycan artıq təkcə karbohidrogen resursları deyil, elektrik enerjisi
ixracatçısı kimi Avropanın və regionun enerji təhlükəsizliyində strateji rola malikdir. Coğrafi
baxımdan Qafqazda yerləşməsinə baxmayaraq, Azərbaycan siyasi, iqtisadi və nəqliyyat
baxımından artıq böyük Mərkəzi Asiya regionunun ayrılmaz hissəsidir və Mərkəzi Asiya Dövlət
Başçılarının Məşvərət Şurasının tamhüquqlu üzvüdür.
İqtisadi inkişafın və rəqəmsal transformasiyanın əsasını peşəkar kadrlar təşkil edir.
Dövlət başçısının qeyd etdiyi kimi, texnologiyanı satın almaq mümkündür, lakin təcrübə və
insan kapitalı zamanla formalaşır. 2003-cü ildən start verilən xaricdə təhsil üzrə Dövlət
Proqramları, fəaliyyət gösterən Kibertəhlükəsizlik Mərkəzi və ölkədəki 100 faizə yaxın
savadlılıq səviyyəsi güclü kadr bankı yaradıb. Neft-qaz sənayesində 30 il əvvəl əcnəbi
mütəxəssislərin payı 90 faiz idisə, hazırda bu göstərici 5 faizə enib ki, bu da milli kadr
potensialının parlaq sübutudur.
30 illik işğala son qoyaraq öz gücü ilə ərazi bütövlüyünü və suverenliyini bərpa edən
Azərbaycan, bu gün həm də iqtisadi suverenliyin və inkişafın nümunəsini göstərir. Dövlətimizin
30 il əvvəl imzaladığı müqavilələrə sədaqəti, investorların hüquqlarını tam qoruması və sabit
vergi-hüquq mühiti ölkəmizin etibarlı tərəfdaş imicini daha da möhkəmləndirir.
Prezident İlham Əliyevin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumundakı
proqramvari çıxışı bir daha təsdiq etdi ki, Azərbaycan təkcə regional layihələrin icraçısı deyil,
qlobal iqtisadi trendləri müəyyən edən, investorlar üçün geniş imkanlar açan və gələcəyə
inamla addımlayan lider dövlətdir.
Murad Cuşkunov,
Sabirabad RİH başçısının Axısxa kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi
















