Təhsil eksperti Elçin Əfəndi müəllimlərin dərs saatlarının bölüşdürülməsi ilə bağlı mövcud vəziyyəti tənqid edib.
1xeber.media xəbər verir ki, ekspert bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Elçin Əfəndi bildirib ki, bəzi müəllimlər həm dövlət təhsil müəssisəsində az dərs saatı almaq, həm də paralel olaraq digər fəaliyyətlərini davam etdirmək istəyirlər. Onun sözlərinə görə, bu yanaşma nəticədə həm tədris prosesinə, həm də şagirdlərin təhsil hüququna mənfi təsir göstərə bilər.
“Çox qəribə təzadla üz-üzə qalmışıq. Gəlir ki, mənə dərs saatını az verin. İzah olunur ki, vakansiyaya çıxarılan dərs saatına əsasən, bir müəllimə ehtiyac var. Əgər sizə mövcud dərs saatının bir hissəsini verəriksə, o zaman alternativ vakansiya elan etməliyik ki, bu da az dərs saatı olduğu üçün tutulmur. Nəticədə şagirdlərin təhsil almaq hüququ pozulur, tədris prosesi pozulur və s. Siz də bir müddət sonra verilən dərs saatına görə şikayət edirsiniz ki, əmək haqqı azdır”, - deyə ekspert qeyd edib.
Ekspert son dövrlər bu tendensiyanın artdığını vurğulayıb: “Bir əldə iki qarpız tutmağa cəhd edənlərin sayı hər il artır. Buna bir əncam çəkilməlidir. Ya məktəb, ya evin, ya icarəyə götürdüyün obyekt, ya da çalışdığın özəl təhsil müəssisəsi”.
Elçin Əfəndi hesab edir ki, müəllimin şəxsi marağını şagirdlərin təhsil hüququndan üstün tutması və digər həmkarının daha az gəlir əldə etməsinə səbəb olacaq qərar verməsi pedaqoji baxımdan doğru deyil.
“4 saat, 6 saat dərs istəməklə öz mənafeyini düşünmək, uşaqların təhsil hüququnu görməzdən gəlmək, digər həmkarının az qazancına rəvac verəcək qərar almaq nə etikdir, nə də pedaqoqa yaraşan haldır”, - deyə o bildirib.
Ekspert əlavə edib ki, dövlət təhsil müəssisəsindəki gəlir müəllimi qane etmirsə və o, şəxsi təhsil xidmətindən daha çox gəlir əldə edirsə, fəaliyyətini həmin istiqamətdə davam etdirə bilər.
“Kiminsə özünə məxsus fəaliyyətinə məhdudiyyət tətbiq olunmur. Fikrimcə, 3 nəfərin hər birinin istəyinə görə 6 saat dərs verməkdənsə, 1 nəfərə 18 saat dərs vermək ən məntiqli və doğru qərardır”, - deyə Elçin Əfəndi vurğulayıb.

















