1xeber.media 1business.media-nın instaqram səhəfəsinə istinadən xəbər verir ki, Azərbaycanda toyuq ətinin qiymətində artım müşahidə olunur. 1business.media xəbər verir ki, iqtisadçı Natiq Cəfərli qiymət artımının səbəbləri ilə bağlı öz feysbuk hesabında fikirlərini bölüşüb.
O bildirib ki, 2026-cı ilin ilk 6 ayında ölkədə 53 min ton quş əti istehsal olunub. Ötən ilin eyni dövründə isə bu göstərici 51 min ton təşkil edib. Bu isə quş əti istehsalında azalma olmadığını göstərir.
İqtisadçıya görə, qiymət artımının bir neçə səbəbi var. Onlardan biri ilin əvvəlindən dizel yanacağının qiymətinin 10 faiz bahalaşmasıdır. Bu, həm yemlərin, həm də hazır məhsulların daşınma xərclərinin artmasına təsir göstərib.
Natiq Cəfərli qeyd edib ki, quş əti istehsalçılarının əlavə tənzimləmə və nəzarət mexanizmləri ilə bağlı maliyyə yükü də artıb. Bundan başqa, yem və dərmanların qiymətində bahalaşma istehsal xərclərini yüksəldib.
Onun sözlərinə görə, əsas amillərdən biri isə əhalinin daha ucuz ət məhsuluna yönəlməsidir. Belə ki, mal və qoyun ətinin qiymətinin kəskin artması fonunda istehlakçılar daha münasib qiymətə satılan toyuq ətinə üstünlük verirlər. Nəticədə toyuq ətinə tələbat artır, lakin təklif eyni templə yüksəlmir.
İqtisadçı bu vəziyyətin sosial tərəfinə də diqqət çəkib:
“Toyuq ətinin bahalaşması, nə qədər qəribə səslənsə də, kasıblıq və yoxsulluq göstəricisidir. Rəsmi rəqəmlərə görə, əhali ay ərzində xərclədiyi hər 100 manatın təxminən 50 manatını ərzağa xərcləyirsə, bu, əhalinin gəlirlərinin əhəmiyyətli hissəsinin qidaya yönəldiyini göstərir”.
















