Yeni Yasamal sakinləri qazın təzyiqinin olduqca aşağı olmasından şikayətlənirlər. Bu barədə jurnalist Müşfiq Abdulla sosial şəbəkə hesabında paylaşım edib. O, ərazidə qazın normal istifadə üçün yararsız vəziyyətdə olduğunu bildirib.
“Yeni Yasamalda qaz yoxdur! Yoxdur deyəndə ki, əhaliyə mavi rəngdə hava satırlar. Bir çaydan suyun qaynaması 1 saat çəkir. Hamamlara isti su getmir”, – deyə Müşfiq Abdulla qeyd edib.
Onun paylaşımına şərh yazan digər şəxslər də analoji problemlə üzləşdiklərini bildiriblər.
Şərhlərdən görünür ki, qazın təzyiqinin aşağı olması ilə bağlı narazılıqlar yalnız Yeni Yasamalla məhdudlaşmır. Müxtəlif ərazilərdə yaşayan bəzi sakinlər də qazın zəif təzyiqlə gəldiyini, bəzi hallarda isə qaz əvəzinə “hava” gəldiyini iddia ediblər.
Sakinlərin sözlərinə görə, problem gündəlik məişət işlərini çətinləşdirir. Xüsusilə suyun qızdırılması və isti sudan istifadə ilə bağlı çətinliklər yaranır.
Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin mövqeyini dərc etməyə hazırıq.Bizimesr.media















