Yeni Azərbaycan Partiyasının VIII Qurultayı yalnız daxili partiya tədbiri kimi deyil,
ölkənin siyasi gündəliyinə istiqamət verən mühüm hadisə kimi qiymətləndirilir. Azərbaycan
Prezidenti, partiyanın Sədri İlham Əliyevin burada səsləndirdiyi çıxış həm keçilmiş yolun
yekunlarını ümumiləşdirdi, həm də gələcək illərin əsas prioritetlərini aydın şəkildə
müəyyənləşdirdi. Dövlət başçısı vurğuladı ki, qurultay ilk dəfə ərazi bütövlüyü və suverenlik
tam bərpa edildikdən sonra keçirilir və bu fakt müzakirələrə tamamilə fərqli məzmun gətirir.
Onun sözlərinə görə, partiya Cənubi Qafqazın ən nüfuzlu siyasi qüvvəsidir; müxalifət təşkilatı
kimi yaranmış bu qurum otuz ildən artıqdır ki, hakimiyyət məsuliyyətini daşıyır və ölkənin son
illərdəki uğurlarında partiya fəallarının əməyi böyükdür.
Çıxışda Zəfər mövzusu xüsusi yer tutdu. Prezident 8 Noyabr və 20 Sentyabr tarixlərini
xalqın yaddaşında əbədi bayram kimi qalacaq iki dönüş nöqtəsi adlandırdı, şəhidlərin
xatirəsini ehtiramla yad etdi. İlham Əliyevin qiymətləndirməsinə görə, bu qələbələr beynəlxalq
təcrübədə presedent xarakteri daşıyır, çünki böyük güc mərkəzlərinin müqaviməti və kənar
dəstəyin yoxluğu şəraitində, yalnız öz imkanlarımıza arxalanaraq əldə olunub. Dövlət başçısı
xatırlatdı ki, Minsk qrupu münaqişənin həllindən çox onun dondurulmasına xidmət edirdi, 44
günlük müharibə dövründə isə həm açıq, həm qapalı formatda təzyiqlər göstərilirdi. Buna
baxmayaraq, ölkənin kursunu dəyişmək mümkün olmadı; bunu xalqın vahid mövqeyi və
rəhbərliyin qətiyyəti təmin etdi. Prezident həmçinin qeyd etdi ki, müharibədən sonrakı illərdə iş
dayanmadan həm diplomatik, həm hərbi müstəvidə davam etdirilib, 2022-ci ilin oktyabrında
Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıması isə sonrakı addımlar üçün
hüquqi əsası daha da möhkəmləndirib.
Ermənistanla münasibətlərin hazırkı vəziyyəti barədə söz açan dövlət başçısı bildirdi ki,
tərəflər arasında silahlı qarşıdurma yoxdur, sərhəddə sakitlik hökm sürür, sülh sazişinin mətni
paraflanıb, təmaslar qurulub və hətta ticarət əlaqələrinə start verilib. Lakin Prezident bir
məqamı xüsusi qeyd etdi: xalqımızın tarixi təcrübəsi ayıqlıq tələb edir. Ona görə də
Azərbaycan hər zaman qarşı tərəfdən xeyli güclü olmalı, keçmişdə baş vermiş hadisələri
unutmamalı və bəzi xarici dairələrin yaratmağa çalışdığı süni obrazlara fikir verməməlidir.
Qurultayda partiyanın tarixi köklərinə də geniş toxunuldu. İlham Əliyev 1992-ci ilin
noyabrında Naxçıvanda keçirilmiş təsis qurultayını gələcək qələbələrin başlanğıcı hesab etdi
və həmin dövrü ölkənin idarəolunmazlıq həddinə çatdığı, torpaqların ardıcıl itirildiyi, daxildə
siyasi qarşıdurmanın dərinləşdiyi illər kimi səciyyələndirdi. Onun fikrincə, o vaxtkı hakimiyyətin
zəifliyi və məsuliyyətsizliyi Qarabağda nəzarətin itirilməsinə, Şuşa, Laçın və daha sonra
Kəlbəcərin işğalına gətirib çıxardı. Məhz belə bir şəraitdə xalq 1993-cü ilin oktyabrında Heydər
Əliyevi Prezident seçərək taleyini ona etibar etdi. Dövlət başçısının xatırlatdığına görə, o
zaman səkkiz milyonluq əhalinin bir milyonu qaçqın vəziyyətinə düşmüşdü, iqtisadiyyat iflic
olmuş, inflyasiya min faizi ötmüş, xəzinə boşalmışdı. Buna baxmayaraq, ümummilli lider ölkəni
parçalanma təhlükəsindən çıxardı, beynəlxalq təcriddən xilas etdi, “Əsrin kontraktı” ilə xarici
investisiyaların axınına yol açdı, dövlətçiliyin əsaslarını möhkəmləndirdi. Prezident bu siyasi
xəttin bu gün də dəyişməz qaldığını, onun əsasında müstəqilliyin, iqtisadi müstəqilliyin, güclü
ordunun və öz imkanlarımızdan maksimum yararlanmaq prinsipinin dayandığını bildirdi.
Hazırkı çağırışlardan danışarkən dövlət başçısı birinci prioritet kimi hərbi qüdrətin
artırılmasını göstərdi. Bunun iki səbəbi var: bir tərəfdən, tarixi təcrübə göstərir ki, etibar edilən
tərəf zəiflik hiss etdikdə arxadan zərbə endirə bilər; digər tərəfdən, Şimalda, Cənubda və
Yaxın Şərqdə müharibələr çoxalır, beynəlxalq hüquq isə real təsir mexanizmini böyük ölçüdə
itirib. Ona görə Azərbaycan elə güc potensialı formalaşdırmalıdır ki, kiminsə ağlına təxribat
ideyası gəlməsin. Bu yanaşmanın büdcəyə də təsiri açıq görünür: gələn ilin layihəsində
müdafiə və təhlükəsizlik xərcləri üçün təxminən 9 milyard manat nəzərdə tutulub. Prezident
bərpa işlərinin və sosial rifahın da diqqətdə olduğunu, lakin ölkə özünü qoruya bilmədiyi
təqdirdə digər layihələrin mənasını itirəcəyini qeyd etdi. Onun sözlərinə görə, xalq bu gün az
rast gəlinən əmin-amanlıq şəraitində yaşayır, risklər isə ölkədən kənarda formalaşır.
Çıxışın mühüm hissəsi ideoloji təhlükəsizliyə həsr olundu. Dövlət başçısı bu sahəni
fiziki təhlükəsizlik qədər vacib saydı, çünki sərhədləri müasir texnologiyalarla qorumaq
mümkün olsa da, informasiya təxribatı internetin, kiberhücumların və süni intellektin dövründə
sərhəd tanımır. Qorunmanın əsas vasitələri kimi təhsil və vətənpərvərlik göstərildi: savadlı,
düşüncəli vətəndaş yalan xəbərlərə, şayiələrə və zəhərli təbliğata daha az uyar, öz dövləti ilə
fəxr edən insan isə ideoloji təsirlərə qarşı daha davamlı olar. İlham Əliyev partiya fəallarına
tapşırdı ki, ideoloji işi şablonlardan və formal tədbirlərdən uzaqlaşdıraraq müasir səviyyəyə
qaldırsınlar, ölkədə aparılan geniş quruculuğu və reallıqları cəmiyyətə, xüsusilə gənclərə
çatdırsınlar. O, ayrıca diqqət çəkdi ki, bəzi ölkələrdə Azərbaycan dilində fəaliyyət göstərən
resursların əsas məqsədi xalqı çaşdırmaq, birliyi zəiflətmək və müstəqil siyasətdən
döndərməkdir. Bu mübarizədə mərkəzi rolu isə məhz partiya üzvləri oynamalıdır.
Hazırda Qarabağda və Şərqi Zəngəzurda 96 min nəfər yaşayır, işləyir və təhsil alır, bu
regionların inkişafına indiyədək 28 milyard manat ayrılıb, 48 yaşayış məntəqəsində keçmiş
məcburi köçkünlər artıq məskunlaşıb. Prezident əmin olduğunu bildirdi ki, qarşıdakı illərdə bu
proses daha sürətlə davam edəcək. Beləliklə, qurultaydakı nitq Zəfərin yaratdığı yeni reallıqda
üç əsas məqsədi birləşdirdi: təhlükəsizliyi və müstəqil siyasəti qorumaq, iqtisadi sabitliyi sosial
rifaha çevirmək və bərpa-quruculuq işlərini davam etdirmək. Partiya fəalları üçün isə çıxış həm
konkret vəzifələr, həm də ideoloji sahədə fəallığa çağırışdır.
Cavad Cəlilov,
Sabirabad RİH başçısının Qalağayın kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi















