2020-ci ildən bəri sentyabrın 27-dən noyabrın 9-dək olan hər gün mənim üçün təkcə tarix deyil, həm də müqəddəs günlərdir. 44 gündən ibarət olan həmin tarix xalqımızın taleyini dəyişən, illərlə qəlbimizdə yaşatdığımız ümidlərin gerçəyə çevrildiyi, şəhidlərimizin qanı, qazilərimizin qəhrəmanlığı ilə Azərbaycanın zəfər salnaməsinin yazıldığı günlərdir.
Dünən Heydər Əliyev Mərkəzində nümayiş olunan “44” bədii filmini izləyərkən həmin günləri sanki yenidən yaşadım. Möhtəşəm ekran əsəridir! Həyəcansız, kövrəlmədən baxmaq mümkün deyil. Salondakı insanların əksəriyyətinin gözləri yaşla dolmuşdu. Bu göz yaşlarında həm şəhidlərimizin nisgili, həm qəhrəman oğullarımızla qürur, həm də tarixi zəfərimizin sevinci vardı.
“44” sadəcə müharibədən bəhs edən film deyil. Bu, bir xalqın sınmayan iradəsinin, Vətən sevgisinin, fədakarlığının, ağrılarının və qürurunun kino dilində ifadəsidir. Ən əsası, gələcək nəsillərə ötürüləcək tarixi yaddaşdır.
Bu möhtəşəm ekran əsərinin ərsəyə gəlməsində əməyi olan Bakı Media Mərkəzinə, onun rəhbəri Arzu Əliyevaya, filmin bədii rəhbəri və ssenari müəllifi Anar Ələkbərova, prodüser Orman Əliyevə, rejissorlara, aktyorlara və bütün yaradıcı heyətə ürəkdən təşəkkür edirəm. Onlar Azərbaycan tarixinin ən şərəfli səhifələrindən birini böyük sənət əsərinə çeviriblər.
Gecənin ən təsirli anları isə filmin sonunda yaşandı. Şəhid analarının, qəhrəman qazilərimizin çıxışları, onların aramsız, ayaqüstə alqışlanması sözlə ifadə olunmayacaq qədər duyğulu idi. O an salonda sadəcə bir filmə deyil, bütöv bir xalqın qəhrəmanlığına ehtiram göstərilirdi.
Bu zəfərin arxasında övlad həsrəti ilə yaşayan analar, canını Vətənə fəda edən şəhidlər, sağlamlığını döyüş meydanında qoyan qazilər, və eləcə də yenilməz, Müzəffər Ordumuz və Ali Baş Komandanımız dayanır. Onların qarşısında hər zaman baş əyirik!
İnanıram ki, “44” filmi illər keçdikcə də eyni həyəcanla izlənəcək, bizi ağladacaq, qürurlandıracaq və bir həqiqəti daim xatırladacaq: zəfər qazanmaq böyük şərəfdir, onun yaddaşını yaşatmaq isə müqəddəs borcdur!
Şəhidlərimizin ruhu şad olsun! Qazilərimizə sonsuz ehtiram!
Umud Mirzəyev
Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti














