“Türkmənistan AQEM-i məsuliyyətin bölüşdürülməsi, təhlükəsizliyin təmin edilməsi, qarşılıqlı etimadın möhkəmləndirilməsi və regionda davamlı inkişafın təşviqi baxımından mühüm beynəlxalq platforma kimi qiymətləndirir”.
1xeber.media xəbər verir ki, bunu Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşündə deyib.
O qeyd edib ki, Azərbaycanın təşkilata sədrliyinə xüsusi əhəmiyyət verir:
“Xüsusilə qeyd etmək istərdim ki, Azərbaycan bu formatda sədrliyi dövründə AQEM-in məqsəd və vəzifələrinə uyğun olaraq Asiyada qarşılıqlı fəaliyyətin və etimadın möhkəmləndirilməsi istiqamətində təşəbbüskar və dəstəkləyici rol oynayır.
Təhlükəsizliyin və davamlı inkişafın mühüm şərtlərindən biri də iqtisadi əlaqələrin gücləndirilməsidir. Ticarətin inkişafı, etibarlı nəqliyyat və logistika marşrutlarının yaradılması, eləcə də iqtisadi əməkdaşlığın genişləndirilməsi bu baxımdan mühüm əhəmiyyət daşıyır”.
Türkmənistan Prezidenti vurğulayıb ki, dünya iqtisadiyyatının dəyişən reallıqları fonunda enerji ixracı marşrutlarının şaxələndirilməsi də vacib rol oynayır:
“Subsidiyaların, yükdaşımalarla bağlı məhdudiyyətlərin, eləcə də infrastruktur və prosedur maneələrinin aradan qaldırılması regional iqtisadi əməkdaşlığın inkişafına töhfə verə bilər”.














