Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin suverenliyinin qorunması, ərazi
bütövlüyünə hörmət və münaqişələrin ədalətli həlli əsas məsələlərdəndir. Lakin beynəlxalq
hüququn norma və prinsiplərinə ikili standartlarla yanaşılması, qəbul edilən qərarların icrasının
təmin olunmaması qlobal təhlükəsizlik üçün ciddi problemlər yaradır.
Prezident İlham Əliyevin oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad
Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə çıxışı bu məsələlərin aktuallığını bir
daha gündəmə gətirib. Dövlət başçısı Azərbaycanın keçdiyi tarixi yola, ərazi bütövlüyünün
bərpasına, beynəlxalq hüququn aliliyinə və təşkilat çərçivəsində əməkdaşlığın
genişləndirilməsi məsələlərinə toxunub.
Avropa ilə Asiyanın qovşağında yerləşən Azərbaycan əlverişli coğrafi mövqeyi, enerji
və nəqliyyat imkanları, eləcə də müstəqil xarici siyasəti ilə Avrasiya məkanında birləşdirici
mərkəz kimi çıxış edir. Ölkəmizin müxtəlif dövlətlərlə siyasi, iqtisadi, enerji, nəqliyyat və
humanitar sahələrdə əməkdaşlığı həm qarşılıqlı maraqlara xidmət edir, həm də regional
təhlükəsizliyin möhkəmlənməsinə töhfə verir.
Prezident İlham Əliyevin çıxışında beynəlxalq münasibətlərdə bərabərhüquqluluq, daxili
işlərə qarışmamaq, suverenliyə və ərazi bütövlüyünə hörmət prinsiplərinin vurğulanması
Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərini nümayiş etdirir. Bu yanaşmaya görə,
beynəlxalq hüquq bütün dövlətlərə eyni qaydada tətbiq olunmalı, siyasi maraqlar hüquqi
öhdəliklərin yerinə yetirilməsinə mane olmamalıdır.
Dövlət başçısı Azərbaycanın müstəqilliyini bərpa etdiyi dövrdən etibarən ikili
standartlarla üzləşdiyini, ərazilərimizin uzun illər Ermənistanın işğalı altında qaldığını
xatırladıb. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və işğal olunmuş Azərbaycan
ərazilərindən qüvvələrin çıxarılmasını tələb edən dörd qətnamənin uzun müddət icra
edilməməsi beynəlxalq hüququn təminatı ilə bağlı ciddi problemləri üzə çıxarıb.
Münaqişənin həlli məqsədilə yaradılmış ATƏT-in Minsk qrupunun fəaliyyəti də nəticəsiz
qalıb. Ermənistanın işğal siyasəti, azərbaycanlıların doğma torpaqlarından qovulması və
yaşayış məntəqələrinin dağıdılması fonunda beynəlxalq ictimaiyyətin təsirli addımlar
atmaması problemin uzun illər həllsiz qalmasına şərait yaradıb. Beynəlxalq təşkilatların
qərarları yalnız qəbul edilməklə kifayətlənməməli, onların icrasını təmin edən təsirli
mexanizmlər də mövcud olmalıdır. Əks halda, təcavüzkarın cəzasız qalması yeni
münaqişələrə və təhlükəsizlik risklərinə yol aça bilər.
2020-ci ilin Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpasında həlledici
mərhələ oldu. 44 gün davam edən müharibə nəticəsində Azərbaycan Ordusu işğal altındakı
ərazilərin bir hissəsini azad etdi. Noyabrın 10-da imzalanan üçtərəfli bəyanat hərbi
əməliyyatları dayandırsa da, ölkəmizin suverenliyinin tam bərpası məsələsi həll olunmamış
qalırdı. 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində
Azərbaycan bütün ərazilərində suverenliyini bərpa etdi və separatizmin fəaliyyətinə son qoydu.
Beləliklə, ölkəmiz beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü təmin
etdi. Prezident İlham Əliyevin “Müharibə bizim seçimimiz olmayıb” fikri münaqişənin tarixi
səbəblərinə və Azərbaycanın mövqeyinə aydınlıq gətirir. Ölkəmiz uzun illər diplomatik yollarla
problemin həllinə çalışsa da, beynəlxalq qərarların icra edilməməsi və işğalın davam etməsi
vəziyyəti daha da mürəkkəbləşdirib. Azərbaycan qələbədən sonra sülh gündəliyini irəli
sürməklə regionda sabitliyin təmin olunmasına üstünlük verdiyini nümayiş etdirib. Bununla
belə, dayanıqlı sülh qarşılıqlı hörmət, ərazi iddialarından imtina və dövlətlərin suverenliyinin
tanınması əsasında qurulmalıdır.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın AQEM-ə ikiillik sədrliyi dövründə
təşkilatın gücləndirilməsi istiqamətində görülən işlərə də toxunub. Dövlətimizin başçısı qeyd
edib ki, bütün üzv dövlətlərin yekdil dəstəyi ilə həyata keçirilmiş müxtəlif təşəbbüslərimiz
nəticəsində hazırda AQEM institusional və hüquqi baxımdan daha güclüdür: “Üzvlərinin sayı
genişlənmişdir və öz coğrafi məkanında təhlükəsizliyin, iqtisadi rifahın və qarşılıqlı anlayışın
təşviqi naminə dialoqu və qarşılıqlı fəaliyyəti inkişaf etdirmək üçün imkanları əhəmiyyətli
dərəcədə möhkəmlənmişdir”.
Nəqliyyat, bağlantılar, rəqəmsallaşma, ətraf mühitin mühafizəsi, turizm, təhsil və elm
sahələrində əməkdaşlığın təşviqi Azərbaycanın çoxtərəfli diplomatiyaya verdiyi önəmin
göstəricisidir. Bu istiqamətlər iqtisadi əlaqələrin möhkəmlənməsinə, təcrübə mübadiləsinin
genişlənməsinə və üzv dövlətlər arasında qarşılıqlı etimadın artmasına xidmət edir.
AQEM kimi beynəlxalq platformaların səmərəliliyi dövlətlər arasında dialoqun konkret
təşəbbüslərlə tamamlanmasından asılıdır. Azərbaycanın sədrliyi dövründə təşkilatın
imkanlarının gücləndirilməsi bu baxımdan mühüm nəticədir. Nəticə etibarilə, Prezident İlham
Əliyevin AQEM-in 7-ci Zirvə Görüşündəki çıxışı beynəlxalq hüququn aliliyinin qorunması, ikili
standartların aradan qaldırılması və dövlətlər arasında etimadın möhkəmləndirilməsi ilə bağlı
mühüm mesajları ehtiva edir. Azərbaycan öz suverenliyini bərpa etməklə yanaşı, regional
sülhün təmin olunmasına və Avrasiya məkanında əməkdaşlığın inkişafına töhfə vermək
siyasətini davam etdirir. Beynəlxalq qərarların icrasının təmin olunması və dövlətlərin
hüquqlarına bərabər münasibət göstərilməsi isə dayanıqlı sülhün əsas şərtlərindən biri olaraq
qalır.
Eldar Urufov,
Sabirabad rayonu Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru















