Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müdrik, çox ağıllı,
çevik bir şəraitdə 30 il həsrət qaldığımız doğma yurdumuz — Zəngilan da düşmən tapdağından azad
olundu və mənfur düşmənlərdən təmizləndi. Möhtəşəm Qələbədən sonra Azərbaycanın işğaldan azad
olunmuş ərazilərində genişmiqyaslı bərpa-quruculuq işləri sürətlə davam etdirilr. Azərbaycan
Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev hər dəfə tarixi səfərlərində Zəngilan və ya
digər rayonlara gedərkən görülən işlərlə yerindəcə tanış olur, açılışa hazır olan obyektlərin açılışını edir,
yenilərinin təməlini qoyur. 20 oktyabr – Zəngilan şəhəri günüdür. Prezident İlham Əliyevin 31 iyul 2023-
cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri
təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 20 oktyabr Zəngilan şəhəri günü kimi müəyyən olub.
Füzuli və Cəbrayıl rayonları işğal olunduqdan sonra zəngilanlılar 67 gün tam mühasirə şəraitində
ermənilərlə vuruşdu. 25-29 oktyabr 1993-cü ildə Zəngilan rayonunun əhalisi son anadək vuruşaraq, 235
nəfər şəhid və itkin verərək Araz çayını keçmiş, İran İslam Respublikasının ərazisi ilə keçərək
Azərbaycanın 43 rayonunda müvəqqəti məskunlaşmışlar.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Zəngilan rayonundan şərqdə
yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və 30-dan çox yaşayış
məntəqəsinin işğaldan azad edilməsi, Azərbaycan Silahlı Qüvvələrinin Zəngilan rayonunun inzibati
hüdudlarına çatmasına şərait yaratdı. Azərbaycan Silahlı Qüvvələri 2020-ci il oktyabrın 18-də Zəngilan
rayonunun azad edilməsi uğrunda əməliyyata başlamışdır. Oktyabrın 20-də Azərbaycan Prezidenti
İlham Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli,
Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etmişdir. Zəngilan
döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və
49 kəndi işğaldan azad edildi.
Zəngilanın işğaldan azad olunması nəticəsində 132 kilometr Azərbaycan-İran sərhədi tam bərpa
edildi, sərhəd boyunca bütün lazımi istehkam, mühafizə işləri görülməyə başladı. Möhtərəm
Prezidentimiz İlham Əliyevin şəxsi nəzarəti və göstərişlərinə əsasən işğaldan azad olunmuş bütün
ərazilərdə olduğu kimi Zəngilan rayonunda böyük quruculuq işləri həyata keçirilir. Bu gün Zəngilan
rayonu yeni inkişaf dövrünü yaşayır. Azərbaycan Respublikasının Nazirlər Kabineti 2023-cü il 30
oktyabrda “Zəngilan şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq etmişdir. Zəngilan
şəhərinin ilk sakinləri də tezliklə doğma yuvalarına qayıdacaqlar.
İlk növbədə Zəngilanda birinci pilot layihəsi çərçivəsində Ağalı kəndində 200 evdən ibarət gözəl
kənd salınıb. 2022-ci ilin may ayında Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa
başlayıblar. Böyük Qayıdış layihəsi çərçivəsində Zəngilan rayonunun Ağalı kəndinə ümumilikdə 175
ailənin, yəni 871 nəfərin məskunlaşması təmin olunub. Ağalı ağıllı kəndi dünyanın ən müasir
kəndlərindən biridir.
“Ağıllı kənd” dayanıqlı inkişafın təmin olunması məqsədilə sosial-iqtisadi xidmətlərin
keyfiyyətinin, təhlükəsizliyinin, səmərəliliyinin artırılması, onların göstərilməsində informasiya
texnologiyalarının və innovasiyaların tətbiq edilməsi, habelə həmin xidmətlər üzrə mövcud resursların
effektiv istifadəsi və idarə olunması üçün zəruri infrastruktura malik olan kənddir. Layihə çərçivəsində
beynəlxalq təcrübəyə əsaslanaraq kənddə zəruri iqtisadi və sosial infrastruktur yaradılmışdır.
Zəngilan mühüm nəqliyyat qovşağıdır. Zəngilan nəqliyyat dəhlizləri üzərində yerləşir və ona
görə Zəngilan Beynəlxalq Hava Limanının inşası da bu bölgənin inkişafı baxımından mühüm faktor
olmuşdur.. Zəngilan Beynəlxalq Hava Limanı Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsini
şərtləndirən əsas obyektlərdəndir. Həmçinin bu hava limanı Zəngəzur dəhlizinin hava nəqliyyatı
infrastrukturu ilə gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Horadiz-Zəngilan-Ağbənd
dəmir yolunun inşasının böyük strateji əhəmiyyəti var. Bu dəmir yolu azad edilmiş torpaqlara həm
vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Buradan
dəmir və avtomobil yolları da keçəcək və Naxçıvana yol açılacaq. Zəngilan-Horadiz avtomobil yolu
strateji əhəmiyyəti ilə seçilir. Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir.
Dəhlizin açılması isə uzun illər blokadada olmuş Naxçıvan Muxtar Respublikasını bu şəraitdən
çıxarmaqla yanaşı, xalqımızın tarixi ərazisi olan qədim Zəngəzura yenidən qayıdışını təmin edəcək.
Dəhlizin bərpa olunması yeni iqtisadi perspektivləri yaradacaqdır. Şərqi Zəngəzur bölgəsində yerləşən
Zəngilanı qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və
Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti tarixi nailiyyəti olacaq.
Cavanşir Nəsirov,
Sabirabad rayon Ulacalı kənd sakini, təqaüdçü















